Bu seçki digərlərindən xeyli fərqlənir - 27 saylı dairədən deputatlığa namizəd Vüqar Məhərrəmov




27 saylı Sabunçu İkinci Seçki Dairəsindən deputatlığa namizəd Vüqar Məhərrəmovla müsahibəni təqdim edirik:



– Vüqar müəllim, seçicilərə namizədlərinin tərcümeyi-halı da çox maraqlıdır. Özünüz haqda nə məlumat verə bilərsiniz?

– Mən 1970-ci il 16 iyul tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. 1977 – 1987-ci illərdə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 83 saylı məktəbdə tam orta təhsil almışam. 1987 – 1992-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alaraq, Əczaçı ixtisasına yiyələnmişəm. Azərbaycan Tibb Universitetinin Əczaçılığın texnologiyası, təşkili və iqtisadiyyatı kafedrasının bir sıra dərc olunmuş elmi məqalələrin və tezislərin müəllifiyəm. Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda əczaçıların təkmilləşməsi kurslarını bitirmişəm. Beynalxalq Əczaçılıq Assosiasiyasının (International Pharmaceutical Federation – FIP) üzvü, Azərbaycan KOB Əczaşılıq Assosiasiyasının (Birliyinin) təsisçilərindən biri və İdarə Heyətinin sədriyəm.
1990-cı ildə 9 saylı aptekdə internatura keçəndən sonra, 1992-1993-cü illərdə 431 saylı aptekin müdir müavini, 1993-1996-cı illərdə FMS “Orbita-Servis”in müdiri vəzifəsində çalışmışam. 1995-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə Azərbaycan Səhiyyə Nazirliyinin əczaçılıq üzrə eksperti kimi Kopenhagendə ezamiyyətdə olmuşam. 1996-2000-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Apteklər İdarəsində baş əczaçı, 2001–2006-cı illərdə Sabunçu rayon İcra Hakimiyyətində böyük referent vəzifəsində çalışmışam – III-cü dərəcəli dövlət qulluqçusu dərəcəsi qazanmışam. Sabunçu rayonu İcra Hakimiyyətinin Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyi, sədr müavini vəzifəsində çalışmışam. 2007-2009-cu illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət şöbəsinin müdiri, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin direktor müavini vəzifələrini icra etmişəm.

Bildiyimiz qədər Siz həmçinin tanınmış, böyük şirkətlərdə də rəhbər vəzifələrində çalışmısınız. Bu barədə məlumat verməyinizi istərdik.
2010-cu ildən bəri “Transservis” MMC-nin (Gömrük broker sistemi) Azterminal departamentinin, Bölgələrlə əlaqə departamentinin və Xarici əlaqələr departamentinin direktoru, “Azərsun” Holdinqin nəzdində “Proserve” şirkətində Baş nəzarətçi, “Azərsun” Holdinqın İnzibati-təsərrüfat şöbəsinin müdiri, Qazaxıstan Respublikasının Aktau şəhərində “Azərsun” Holdinqın Logistika mərkəzində proyekt icra rəhbəri, “Avromed” QSC-də baş auditor, “VİTA aptekləri şəbəkəsi” MMC-nin direktoru, “Dokta” MMC-nin direktoru vəzifələrində çalışmışam. 2018-ci ilin iyul ayından bu günə kimi “ Yurd Pharma” MMC-nin direktor müavini vəzifəsini icra edirəm.

- Dairənizlə kifayət qədər tanış olmusunuzmu? Hansı yerli əhəmiyyətli məsələlər var ki, seçiləcəyiniz təqdirdə onların həllinə çalışacaqsınız?


- Əlbəttə, mən bu dairə ilə bağlı kifayət qədər məlumatlıyam. Çünki bu dairənin hüdudlarına daxil olan kəndlərdən birində doğulub-böyümüşəm. Həmçinin icra strukturunda işlədiyimə görə, dairənin ərazisini tam tanıyıram. Seçicilərin sayına qədər bilirəm.

- Seçki prosesini necə dəyərləndirirsiniz? Əvvəlkilərdən fərqləndi demək olarmı?

- Seçki prosesini normal dəyərləndirirəm. Bu günə qədər proses normal gedib. Süni problemlər, əngəllər yaradılmayıb indiyədək. Əvvəlki seçki proseslərindən xeyli fərqli mühit var. İnsanlar bu seçkilərə daha çox inanırlar. Əsas məsələ də elə odur ki, vətəndaşların seçkilərə maraqları artıb. Narazı qaldığımız məqam görüş yerlərinin sayının azlığıdır. 7 qəsəbə üzrə cəmi iki görüş yeri ayrılıb, onlardan da biri açıq havadadır. Qışda insanları ora cəlb etmək çətindir. Qalır bir yer, o da fikrimcə, çox azdır. Ətraf qəsəbələrdən insanları bura yığmaq çox çətindir. Kürdəxanıdan, Balaxanıdan, Pirşağıdan insanları çağıranda ki, gəlin Sabunçu qəsəbəsində görüşdür, gəlmirlər çox vaxt. Onları da qınamıram, çətindir.

- Platformanızda əsas hansı məqamlar üstünlük təşkil edir?

- Dairə ərazisinə aid olan Pirşağı , Zabrat, Balaxanı , Yeni Ramana , Ramana və Sabunçu qəsəbələrdə yolların abadlaşdırılmasını ən əsas məsələ kimi qarşımıza məqsəd qoymuşuq. Daha sonra ictimai nəqliyyatın, yerli infrastrukturun yenilənməsi hədəfimizdir. Qəsəbələrdə işsizlik bazasının yaradılmasını düşünürük. Yəni hər bir qəsəbənin, yaxud dairə üzrə 7 qəsəbənin işsizlik bazası yaradılsın, fürsət düşəndə işsizləri işlə təmin etmək, ümumiyyətlə işsizliyin həlli yolları platformamıza daxildir. Eyni zamanda dairə ərazisindəki qəsəbələrdən olan sahibkarların fondunun yaradılmasını planlayırıq. Bu isə həmin qəsəbədə yaşayan imkansız, ehtiyaclı insanların ehtiyaclarının ödənməsi məqsədi daşıyacaq. Əsasən də çıxılmaz durumda olan, ağır problemi olan insanlara. Onların düzgün təyin edilməsi üçün isə ağsaqqallar məclisi formalaşdırıla bilər. Bu, yeni yanaşmadır. Ağsaqqallar məclisi bütün qəsəbələrdən nümayəndəni özündə birləşdirə bilər, səsvermə ilə yardım ediləcək şəxsləri müəyyən etmək olar.
Əsas diqqət ayıracağımız məsələlərdən biri də uşaq pullarının bərpası olacaq. Pensiya yaşının müəyyən bir həddə saxlanması. Mənim fikrimcə, ümumiyyətlə kişilər də, qadınlar da 65 yaşda pensiyaya çıxmalıdır. Yaş fərqini aradan qaldırmaq lazımdır.

– Bu vaxta qədər heç bir seçkidə iştirak etməmisiniz. Niyə məhz bu parlament seçkilərində iştirak etməyə qərar vermisiniz?

– Cənab Prezidentin son zamanlar apardığı islahatlar göz qabağındadır. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub və bu islahatlar uğurlu nəticələr verməkdədir. Həmçinin parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması da bu islahatların tərkib hissəsidir. Özümdə güc görərək, bu çağırışa qoşuldum. Bu gün parlament seçkilərində iştirak etmək üçün özümü tam hazır bilirəm. Seçilsəm, bu işlərə daha da yaxın olacam və islahatlara əlimdən gələn dəstəyi əsirgəməyəcəm.

– Təbliğat-təşviqat kampaniyanız necə davam edir? Bu istiqamətdə hansı işləri planlaşdırırsınız?

– Bu kampaniyada əsas işim seçicilərimlə görüşərək, onları tanımaq, seçki platformamı açıqlamaq və əlbəttə ki, onları narahat edən məsələləri öyrənməkdir. Namizəd olduğum dairədən məni kifayət qədər yaxşı tanıyırlar. Çalışacam ki, bu müddət ərzində sıx görüşlər keçirim, seçicilərin problemlərini dinləyim, onları narahat edən məsələlərin həlli istiqamətində indidən müəyyən işlər planlaşdırıram.

– Sizin dairədə 11 deputatlığa namizəd qeydə alınıb. Təbii ki, digər namizədlər də seçilmək üçün müəyyən kampaniya aparacaq, seçicilərə müxtəlif vədlər verəcəklər. Maraqlıdır, nəyə görə seçici məhz sizə səs verməlidir? Sizi başqa namizədlərdən fərqləndirən cəhət nədir?

– Yaxşı sualdır. Mən özüm də bu addımı atmazdan öncə bu haqda fikirləşmişdim. Namizədlərin hər birini özümə rəqib bilirəm. Fərqim ondan ibarətdir ki, mənim iş və həyat təcrübəm daha böyükdür. Fikrimcə, apardığım işlər və olan bacarığım mənə böyük üstünlüklər verir. Bununla yanaşı, kəndlərdə yaşayan sakinlərlə sıx əlaqəm var, qohumlarım, əcdadlarım məhz o kəndlərdə yaşayıb boya-başa çatıblar. Kənd sakinləri ilə mütəmadi təmasda oluram, onların gündəlik problemləri ilə bağlı məlumatlıyam. İndi də düşünürəm ki, bu insanları parlamentdə təmsil edə bilərəm.

– Siz ixtisasca əczaçısınız. Deputat seçildiyiniz təqdirdə siyasətə qoşulmaq sizin üçün çətin olmayacaq ki?

– Xeyr, heç bir çətinlik olmayacaq. Mən uzun müddət dövlət və özəl qurumlarda çalışdığım üçün demək olar ki, hər gün müəyyən işlərlə qarşılaşırdım. Topladığım həyat təcrübəsi mənə imkan verir ki, siyasətlə məşğul olaraq, bir çox müasir yenilikləri həyata keçirim. Əczaçılıq özü də bir siyasətdir. Bu gün özümü siyasət üçün tam hazırlıqlı hesab edirəm.

– Öz seçicilərinizə nə kimi tövsiyələriniz var?

- İlk öncə seçicilərimi bu seçkilərdə aktiv iştirak etməyə çağırıram. Üzərimə götürdüyüm böyük məsuliyyəti anlayıram, əminəm ki, seçildiyim halda seçicilərimin inamını doğruldacam.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu