Şəki Mərkəzi Xəstəxanası təhlükə mənbəyidir - ŞİKAYƏT




"Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) əsas korpusunun binasından hələ də tezalışan üzlüklər sökülməyib. Bir yanğın baş verərsə, xəstələrin həyatını xilas etmək olmayacaq".



Bu şikayət Şəki şəhər sakinlərindən AFN-ə daxil olan şikayət məktubunda yazılıb.

Vətəndaşların bildirdiyinə görə, təhlükəli üzlüklərlə bağlı dəfələrlə müraciət etsələr də, nəticəsi olmayıb: "Dövlət başçısı binalardan tezalışan üzlüklərin sökülməsi ilə bağlı tapşırıq verib. Lakin Şəkidə indiyədək buna əməl olunmur. Xəstəxanada yanğın çıxsa, çarpayılarda yatan xəstələr qaçıb, canlarını qurtara bilməyəcək. Bakıda baş verən hadisə hamının yadındadır. Həmin üzlüklərin ucbatından neçə nəfər öldü".

Şikayətlə bağlı AFN araşdırma apararaq, aidiyyatı qurumların münasibətini öyrənib.

Şəki MRX-nın baş həkimi Elçin Əmirov məzuniyyətlə olduğu üçün sualları onun iqtisadi işlər üzrə müavini Nüsrət Kərimov cavablandırıb. O, bildirib ki, xəstəxana binasında təmir işləri yerli icra orqanının qərarı ilə Beynəlxalq Bank tərəfindən aparılıb: "Binanın fasadı dəyişdirilən zaman tezalışan materiallardan da istifadə olunub. Xəstəxananı biz təmir etməmişik, nə də sifariş verməmişik. Bu icra hakimiyyətinin qərarıdır. Təmir işləri görülən zaman bizimlə heç razılaşdırmayıb. Bakıda baş verən yanğından sonra həmin üzlüklərin dəyişdirilməsi üçün icra hakimiyyətinə və Səhiyyə Nazirliyinə müraciət etdik. Bildiyiniz kimi, bu işi görmək üçün böyük büdcə lazımdır. Bizdə də o qədər vəsait yoxdur. Bir neçə dəfə müraciət etmişik ki, maliyyə ayrılsın, fasadı təkrar təmir etdirək. Lakin hələ də məsələ öz həllini tapmayıb".



Şikayətlə əlaqəli biz Səhiyyə Nazirliyinin də mövqeyini öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, xəstəxana binasında fasadın dəyişdirilməsi işi nazirliyin deyil, yerli icra orqanının səlahiyyətindədir: "Xəstəxana binasının fasadının təmiri şəhərin adablaşdırılması zamanı icra hakimiyyəti tərəfindən həyata keçirilib. Onu dəyişmək də eyni qurumun işidir. Şəki MRX tərəfindən yerli icra orqanına müraciət olunub. Bu o qurumun işidir, biz qarışa bilmərik".

Mövzu ilə bağlı Şəki Şəhər İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. İcra başçısının köməkçisi Orxan Hüseynli AFN-ə açıqlamasında bildirdi ki, bu məsələ icra orqanı tərəfindən araşdırılır: " Şəki MRX-nın baş həkimini də dəvət edib, müzakirə aparacağıq. Görək, nə zaman məktub göndəriblər? Çünki bizdə cavabsız məktub qala bilməz. Araşdırıb, bir məlumat verəcəyik".

Əhəmiyyətini nəzərə alaraq, AFN şikayəti diqqətdə saxlayıb, Şəki Şəhər İcra Hakiliyyətinin də mövqeyini dərc edəcək.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu