Gələn ilin büdcəsində daha çox elm və təhsilə diqqət ayrılmalıdır - ekspert




Xəbər verildiyi kimi, Azərbaycanın gələn il üçün dövlət büdcəsinin layihəsi artıq hazırdır. Maliyyə Nazirliyinin yaydığı məlumata görə, layihə sentyabrın 9-da baxılması üçün Nazirlər Kabinetinə göndərilib.

Nazirlikdə büdcə layihəsinin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, 2020-ci ilin icmal və dövlət büdcələrinin layihələri Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi və sosial inkişaf prioritetləri, büdcə sistemi haqqında qanunvericiliyinin tələbləri, qlobal iqtisadiyyatda gedən proseslər, onların ölkə iqtisadiyyatına mümkün təsirləri, o cümlədən İqtisadiyyat Nazirliyinin orta müddətli dövrdə iqtisadi və sosial inkişafa dair proqnozları, habelə dövlət maliyyə sisteminin orta və uzun müddətli dövrdə qarşısında duran çağırışlar nəzərə alınmaqla hazırlanıb. Nazir qeyd edib ki, ilk növbədə 2020-ci il və sonrakı üç ilin icmal və dövlət büdcələrinin büdcə qaydasına əsasən hazırlanması, dövlət büdcəsinin gəlir və xərclərinin hesablanması zamanı neftin bir barelinin orta illik qiyməti və bu qiymətin orta müddətli dövrə şamil edilməsi, orta müddətli dövrdə icmal büdcənin xərclərinin yuxarı həddinin təsdiq olunması və qeyri-neft baza kəsirinin ardıcıl surətdə azaldılması ilə bağlı qərarlar qəbul edilib.
2019-cu ilin dövlət büdcəsi neftin dünya bazar qiyməti 60 dollar götürülməklə proqnozlaşdırılıb. Növbəti ildə bu il reallaşdırılan iki sosial paket çərçivəsində həyata keçirilən artımlara uyğun əmək haqqı, pensiya və müavinətləri maliyyələşdirmək üçün 3 milyard manat əlavə vəsaitə ehtiyac yaranacaq. Bu isə büdcə xərclərinin xeyli artması deməkdir.
“2020-ci ilin dövlət büdcəsinin də daha çox sosial yönümlü olması gözlənilir. Hesab edirəm ki, növbəti ildə əsas diqqət yönəldilən məsələlər təhsilin inkişafına, elmi kadrların yetişdirilməsinə daha çox diqqət ayrılması olmalıdır”. Bunu AFN-ə “gələn ilin büdcəsində hansı məqamları görmək istəyirsiniz” sualını şərh edərkən iqtisadçı ekspert Ruslan Atakişiyev deyib. Onun sözlərinə görə, elmdə uğurlar qazanan insanlara verilən təqaüdlərin artırılması yaxşı olardı: “Həmnçinin ölkə üzrə ehtiyac meyarı həddinin daha da artırılması məqsədəuyğun olar. Bununla yanaşı, bağçalarda, körpələr evində aztəminatlı ailələrin uşaqlarının təlim-tərbiyəyə cəlb olunmasına dövlət dəstəyi artırılmalıdır. Bundan başqa, QHT sektoruna dəstəyin artırılması da mühüm məsələdir. Çox istərdik ki, bu məsələ növbəti ilin büdcəsində əksini tapsın. Çünki cəmiyyətin formalaşmasında, maariflənməsində QHT-lərin rolu böyükdür”. Ekspertin fikrincə, elm sahəsində daha çox müsabiqəliliyə üstünlük verilməlidir. Vəsaitlər müsabiqələr nəticəsində bölünməlidir: “Bu, elmdə yeni innovasiyaların meydana çıxmasına səbəb olacaq. Növbəti ilin dövlət büdcəsində həmçinin ali təhsildə inkişafa nail olmaq üçün dövlət universitetlərinin yataqxanalarının boşaldılmasına, təmirinə diqqət yetirilsin. Eyni zamanda gənclərimizin xarici universitetlərdə təhsilinə təkan verəcək addımlar atılsa daha yaxşı olar. Ümumiyyətlə, mən hesab edirəm ki, dövlət büdcəsində əsas diqqət ayrılan sahələrdən biri, bəlkə də birincisi elm-təhsil sahəsi olmalıdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu