ABŞ-da daha 2 universitet Trampın təklifini rədd etdi
ABŞ-ın Pensilvaniya Universiteti və Cənubi Kaliforniya Universiteti (USC), Prezident Donald Tramp administrasiyasının kampus siyasətlərinin dəyişdirilməsi müqabilində federal fondlara üstün çıxış imkanı təklif edən sazişini imzalamaqdan imtina ediblər.
The New York Times nəşrinin məlumatına görə, Pensilvaniya və Cənubi Kaliforniya universitetləri Tramp administrasiyasının ölkə üzrə 9 ali təhsil müəssisəsinə çoxmaddəli saziş imzalama çağırışı ilə bağlı açıqlama yayıblar.
Bu iki universitetin də sazişi rədd etməsi ilə Tramp administrasiyasının təklifini qəbul etməyən universitetlərin sayı 4-ə yüksəlib.
Tramp administrasiyası bu sazişi Massachusetts Texnologiya İnstitutu (MIT), Vanderbilt, Dartmut, Pensilvaniya, Cənubi Kaliforniya, Texas, Arizona, Braun və Virjiniya universitetlərinə təklif etmişdi. MIT 11 oktyabrda sazişi dəstəkləməyəcəyini açıqlamış, Braun Universiteti isə dünən təklifi rədd etdiyini bildirmişdi.
