AİTF-2023-dən geridə qalanlar: baha qiymətə ekspozisiya sahələri, itirilən fürsətlər, biganə turizm qurumları...


Aprelin 4-6-da Bakıda ənənəvi Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AİTF 2023”) sərgisi keçirildi. Pandemiyadan sonra ilk dəfə reallaşan tədbirin təşkilatçısı “Caspian Event Organisers” şirkəti idi.


Şirkətin baş direktoru Fərid Məmmədov açılış mərasimində çıxış edərək bildirdi ki, sərgidə 15 ölkəni təmsil edən 50-dən çox şirkət, qurum öz məhsul və xidmətlərini ziyarətçilərə təqdim edir. Onun sözlərinə görə, ənənəvi olaraq, sərgi müxtəlif ölkələrdən turizm sənayesinin nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir araya gətirir. Həmçinin sərgi Azərbaycanın cəlbedici səyahət məkanı kimi əhəmiyyətini vurğulamış olur və xalqımızın qonaqpərvərliyini xarici iştirakçılar və ziyarətçilərə nümayiş etdirir. “AITF 2023” sərgisinə Azərbaycanla yanaşı, Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Polşa, Özbəkistan, Rusiya, Sloveniya, Tunis və bir çox başqa ölkələrdən olan şirkətlər də qatılıb.



Bura qədər hər şey çox normal və qaydasında görünürdü, ta ki, sərgi ekspozisiya sahəsinə daxil olana qədər. Xüsusilə sərginin ziyarətçisi olan peşəkar turizmçilər gördükləri mənzərədən xeyli pəjmürdə duruma düşdülər. Və bunu kənardan görməmək mümkün deyildi. Səbəb?

Əvvəla, sərgi əvvəlki illərlə müqayisədə çox kiçik bir sahəni əhatə edirdi. Buradakı iştirakçıların əksəriyyəti xarici ölkələrin təmsilçiləri idi. Yerli turizm şirkətlərindən və hotellərdən, 1-2 şirkəti çıxmaq şərtilə, demək olar heç kim yox idi. Üstəlik, Azərbaycanda turizm fəaliyyəti ilə məşğul olan nə dövlət qurumlarından, nə də ictimai təşkilatlardan heç birinin stendi gözə dəymirdi. Həmçinin Prezident İlham Əliyevin fərmanına əsasən Dövlət Turizm Agentliyinin nəzdində Azərbaycanda yaradılan 8 regional turizm idarəsindən də səs-soraq yox idi. Beləliklə, Fərid müəllimin yuxarıda söylədiyi kimi, sərgi Azərbaycanın cəlbedici səyahət məkanı olaraq əhəmiyyətini necə vurğulayırdı, ya da xalqımızın qonaqpərvərliyini xarici iştirakçılar və ziyarətçilərə hansı formada nümayiş etdirirdi? Suallarımızı ölkənin turizm sektorunun təmsilçilərinə ünvanladıq.



Ceyhun Aşurov: “Builki sərgidə bir çox fürsətləri qaçırdıq”

“Smart Hotels Management” şirkətinin təsisçisi və rəhbəri Ceyhun Aşurov sərgiyə daxil olduqda digər həmkarlarından heç də az təəccüblənməyib. Dediyinə görə, digər ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində daha çox yerli şirkətlərin təmsilçilərinin iştirakının şahidi olurlar: “Bu ölkələrin öndə gedən turoperatorları, turizm şirkətləri, hotelləri kifayət qədər geniş sahədə təmsil olunurlar, mənsub olduqları ölkənin imkanlarını nümayiş etdirirlər. Bundan əlavə, həmin ölkələr ayrı-ayrı regionları ilə bu cür sərgilərdə iştirak edirlər. Ümumiyyətlə, turizm sərgiləri qarşılıqlı ikitərəfli əlaqələrin yaranması, turizm məhsullarını yerində göstərərək satışını həyata keçirmək üçün mühüm bir platformadır. Belə deyək ki, alıcılarla satıcıların, tələb olanla təklif verənin görüşdüyü bir məkandır. Bundan maksimum dərəcədə faydalanmalıyıq. Xarici ölkələr burada iştirak etsə də sərginin keçirildiyi ölkə daha dominant olur. Amma Azərbaycanda keçirilən builki turizm sərgisində biz bunu görə bilmədik. Arzu edərdik ki, ən azı Prezidentin sərəncamı ilə Dövlət Turizm Agentliyinin nəzdində yaradılan 8 regional turizm idarəsinin stendini görək, orada regionlarımızın mövcud potensialının həm xarici turistlərə, həm də yerli ziyarətçilərimizə nümayişi həyata keçirilsin. Dövlət Turizm Agentliyinin, Hotellər Assosiasiyasının, Turizm Assosiasiyasının stendlərini görməyi gözləyirdik. Sektorun bir təmsilçisi kimi, düşünürəm ki, sərgilər bizim üçün bir fürsətdir və builki sərgidə biz bu fürsəti təəssüf ki, qaçırmış olduq”.



Günay Sağlam: “Biz assosiasiya olaraq sərgini ziyarət etdik”

Azərbaycan Hotel Assosiasiyasının sədri Günay Sağlam bildirdi ki, əgər sərgidə iştirak üçün təklif olunan yerlərin qiyməti münasib olarsa, onda iştirak edən şirkətlərin sayı da çox olar: “Bu sərgi pandemiyadan sonra keçirilən ilk sərgi olduğuna görə iştirakçıların sayı az oldu. Turizm sektoru hələ indi-indi bərpa olunmağa başlayıb. Bundan əlavə, hər il turizm sərgisi ilə yanaşı “HOREX Caucasus” sərgisi də keçirilirdi, bu il o da yox idi. Sərgi ziyarətçilərinin sayı da çox az idi. Biz assosiasiya olaraq sərgini ziyarət etdik”.

Dövlət Turizm Agentliyi də sərgidə iştirak etmədi

Turizm sektoru təmsilçilərini narazı salan əsas məqam ekspozisiya sahəsinin təşkilatçı şirkət tərəfindən olduqca baha qiymətə təklif olunmasıdır. Həmsöhbət olduğumuz bəzi turizm şirkətlərinin nümayəndələri "Expo Mərkəz"in qiymətlərini hətta London sərgisinin qiymətləri ilə müqayisə etdilər.

Hər zaman AİTF sərgisində geniş stendlə təmsil olunan Dövlət Turizm Agentliyinin builki sərgidə iştirak etməməsi də sual doğururdu. Maraqlıdır, görəsən, DTA da təşkilatçı şirkətin təklif etdiyi yüksək qiymət səbəbindən AİTF-2023-ün iştirakçıları sırasında deyildi?
Qurumdan sualımıza cavab olaraq bildirildi ki, sərgi ilə bağlı bütün sualların cavabını təşkilatçı şirkət verməlidir.

Bakı Expo Mərkəzində qiymətlər niyə belə bahadır?

“Caspian Event Organisers” şirkətindən sualımıza sualla cavab verdilər: 2Baha deyəndə qiymətləri nə ilə müqayisə edirsiz?" Şirkətin verdiyi cavabdan bəlli oldu ki, baha, yaxud ucuz olması etdiyimiz müqayisədən asılıdır: “Adi zamanlarda siz müqayisələr aparmalısınız, başqa ölkələrin sərgiləri ilə qiymətləri bir-birinə uyğunlaşdırmalısınız, yalnız bu zaman başa düşmək olar ki, bu bahadır, yoxsa yox. Bizim sərgilərimiz normal bazar qiyməti ilə təklif olunur. Ən əsası isə bu qiymətlər normal bazar qiymətlərinə uyğun olmasa, bizim bu qədər iştirakçılarımız olmaz.
Biz bilmirik tam olaraq məsələ nədən ibarətdir, hansısa bir şirkət bu məsələni səbəb göstərir. Pandemiyanın törətdiyi fəsadlar indi aradan qaldırılır və gələn il 3 illik fasilədən sonra biz daha dəqiq başa düşəcəyik ki, bazar hansı istiqamətdə inkişaf edir. Azərbaycan şirkətləri Turizm Bürosu vasitəsilə razılaşmış qiymətə uyğun iştirak etməyə alışıblar. Bu il isə Turizm Bürosu onların iştirakını maliyyələşdirmədi. Bu səbəbdən bəzi yerli şirkətlər qiymətin baha olduğunu səbəb kimi göstərirlər”.

Fəxriyyə ABDULLAYEVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu