Şarl Mişel Çinə niyə gedir?


Avropa Şurasının sədri Şarl Mişel dekabrın 1-də Çinə gedəcək və orada 2018-ci ildən bəri ilk dəfə Çin Xalq Respublikasının sədri Si Tsinpinlə görüşəcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, səfərin əsas rəsmi məqsədi qlobal çağırışlar üzrə Çinin mövqeyi haqqında təsəvvür əldə etmək, Brüssel və Pekinin qarşılıqlı əlaqədə ola biləcəyi sahələri müzakirə etməkdir. Aydın məsələdir ki, Pekinin bəyənmədiyi insan haqlarını xatırlatmaq istəyi, eləcə də Aİ-nin özündə Avropa İttifaqı ilə münasibətlərin necə qurulacağına dair vahid xəttin olmaması bu səfəri kritik edir.
Çinə cari səfərdən cəmi ay yarım əvvəl Şarl Mişel və Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri Çinlə münasibətlərə dair üç saatlıq görüş keçirərək Pekinin “sərt rəqib” olması qənaətinə gəlmişdilər. Belə ki, Aİ-nin Çinə qarşı Honq-Konq və Sincandakı insan haqlarının vəziyyətindən tutmuş ticarət kəsirinə qədər bir çox iddiaları var. Bu il Brüsselin narazılıq siyahısına ÇXR-in Tayvan yaxınlığındakı hərəkətləri, Pekinin Moskvanı Ukraynadakı hərəkətlərinə görə qınamaqdan imtina etməsi və Si Cinpinin üçüncü müddətə Kommunist Partiyasının baş katibi vəzifəsinə yenidən seçilməsi əlavə edilib. Avropada bu, Çinin avtokratiyaya və tək bir şəxsin hakimiyyətinə doğru daha bir geri dönüşü kimi qəbul edilir. Buna baxmayaraq, Avropa Çinlə dialoq üçün fürsət pəncərəsini açıq buraxmağı seçdi. Avropa Şurasının mətbuat xidməti dekabrın 1-də Şarl Mişel və Si Cinpinq arasında keçiriləcək görüşü, həmçinin baş nazir Li Keqiang və Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Zhanshu ilə görüşü belə şərh edib: “Gərgin geosiyasi və iqtisadi mühitə qarşı bu səfər Aİ-Çin əməkdaşlığı üçün yaxşı fürsətdir. Liderlər qlobal çağırışları, eləcə də ümumi maraq kəsb edən mövzuları müzakirə edəcəklər”. Mişelin özü hələ oktyabr ayında demişdi ki, insan hüquqları, iqlim dəyişikliyi problemləri, iqtisadi əlaqələr və qlobal sağlamlıq məsələləri açıq şəkildə Pekində keçiriləcək danışıqların bir hissəsi olacaq. Eyni zamanda, Aİ liderlərinin oktyabr zirvə toplantısından sonra Brüssel “Çinlə iqtisadi əməkdaşlığı gücləndirmək istədiyi” üçün iqtisadiyyatdakı problemlərin həllinə daha çox diqqət yetirməyə üstünlük verəcəyi gözlənilirdi. Lakin görünür, son günlər baş verən hadisələr Avropa Şurası rəhbərinin Çinə gözlənilən səfərində insan haqları komponentini gücləndirib. Bir neçə avropalı siyasətçi həftə sonu onlarla şəhəri əhatə edən COVID-19 məhdudiyyətlərinə qarşı Çində güclü etirazlar fonunda, Mişeli səfəri tamamilə ləğv etməyə çağırmışdı. Pekindəki danışıqların digər əsas mövzusu Ukrayna, daha doğrusu, Ukrayna məsələsində Çinin Rusiyaya potensial təsiri olacaq. Müxtəlif diplomatik mənbələrə görə, Avropa İttifaqı Pekinin Rusiyaya silah və ya Qərbin embarqosuna məruz qalan hər hansı materialı vermədiyinə əmin olmaq istəyir. Ancaq burada Şarl Mişel çətin ki, qazansın.
Reuters-in məlumatına görə, noyabrın əvvəlində Avropa Şurasının rəhbəri Şanxayda CIIE beynəlxalq ticarət sərgisinin açılış mərasimində videomüraciət etməli idi, lakin Çin tərəfi bunu öyrəndikdən sonra onun efirdəki çıxışını ləğv etdi. Şarl Mişel bu dəfə nə qədər kəskin olacaq, indidən demək çətindir. Bəzi məlumatlara görə, Çində COVID-19 ilə mübarizə üçün ciddi tədbirlər görüldüyü üçün mətbuat konfransı planlaşdırılmır.
Eyni zamanda, Avropa Şurasının rəhbərinə Pekində dünyanın ikinci iqtisadiyyat nəhəngi ilə münasibətlərin tam olaraq necə qurulacağına dair mütləq birliyin olmadığı bütün Avropa İttifaqı adından çıxış etmək də çətin olacaq. Çünki bəziləri ən pis halda ticarətin dayandırılmasını istəyirsə, digər ölkələr qarşılıqlı əlaqənin davam etdirilməsinin tərəfdarıdır. Yanaşmalardakı fərqin təzahürlərindən biri də noyabrın əvvəlində Almaniya kansleri Olaf Şolzun iri alman konsernlərinin rəhbərləri ilə birlikdə Çinə səfəri oldu. Bu amil də Aİ başçısının səfərinin səbəblərindən biri kimi qeyd edilə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu