“Hökumət Buludu”na keçid nə üçün ləngiyir? - Osman Gündüzün cavabı




Ötən gün Prezident “Hökumət Buludu”nun formalaşdırlması və istifadəsi, bu sahədə səlahiyyət bölgüsü ilə bağlı daha bir neçə Fərman qəbul edib. Ötən il də bununla bağlı bəzi sənədlər qəbul edilmişdi. Ölkədə hökumət sektorunda rəqəmsal transformasiyanın uğurlu həyata keçirilməsi üçün “Hökumət Buludu” mühüm əhəmiyyət kəsb edir. “Hökumət Buludu” NRYTN-ə məxsus Data Mərkəz üzərində formalaşdırılacaq. Qəbul edilən sənədlərə görə, indiyədək səpələnmiş vəziyyətdə, ayrı-ayrı dövlət qurumlarına məxsus data mərkəzlərdə və serverlərdə yerləşdirilən bütün dövlət informasiya resursları "Hökumət Buludu"na köçürülməlidir.



AFN xəbər verir ki, bununla bağlı İT sahəsi üzrə mütəxəssis Osman Gündüz açıqlama verib. Onun sözlərinə görə, bu prosesin reallaşdırılmasında məqsəd daha çox büdcə xərclərinin optimallaşdırılması, təhlükəsizliyin təmin edilməsi, inteqrasiya və s. məsələlərlə bağlıdır: "Bütün dövlət qurumlarında bu məqsədlə ayrılan büdcə xərclərinin də bundan sonra NRYTN-ə verilməsi nəzərdə tutulub. Bununla bağlı Konsepsiya da mövcuddur. NRYTN-da ötən müddət ərzində bu istiqamətdə müəyyən işlər də görülüb".
Bəh "Hökumət buludu"na miqrasiya nə üçün ləngiyir? Sualı cavablandıran ekspert bildirib ki, dövlət qurumlarının informasiya resurslarının mərhələli formada NRYTN Data Mərkəzinə, “Hökumət buludu”na miqrasiyası üçün keçid planının hazırlanması bir il öncə nəzərdə tutulsa da, xeyli ləngimə olub: "Güman ki, məhz bu baxımdan ötən gün qəbul edilən Prezident fərmanında keçid planının qəbul edilməsi üçün NK-ya konkret bir ay vaxt verilib. Bildiyim qədər, ləngimənin müxtəlif səbəbləri var. Bizdə ən azı 5-6 dövlət qurumu var ki, onların uzun illər formalaşan, necə deyərlər, nəhəng, NRYTN Data Mərkəzindən də böyük Data Mərkəzləri, onların da müxtəlif rayonlarda ehtiyat variantları var. Onların taleyinin necə olacağı, miqrasiyası güman ki, sual altındadır .
Eyni zamanda bəzi dövlət qurumlarında "Hökumət Buludun"da xidmətlərə əlçatanlıq, zəruri servislərin mövcudluğu, dayanıqlıq, xərclərin bölünməsi, alternativ olan Yevlax Data Mərkəzinin hazır olmaması və s. məsələlərlə bağlı narahatçılıqlar və suallar var".
O.Gündüzün sözlərinə görə, ortada açıq qalan suallardan biri də səlahiyyətin kimdə olacağı ilə bağlıdır. Qəbul edilən sənədlərə görə, dövlət informasiya resurslarının yaradılması ilə bağlı səlahiyyətlər ASAN-da, bu resursların "Hökumət Buludun"da yerləşdirilməsi və istismarı ilə bağlı səlahiyyətlər NRYTN-də, təhlükəsizliyin təmin edilməsi ilə bağlı səlahiyyətlər isə NRYTN və XDMX-in Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindədir: "NRYTN–də "Hökumət Buludu" ilə bağlı məsələləri AzİnTelecom icra edir. Ötən gün AzTV bununla bağlı bir veriliş hazırlamışdı. Təəssüf ki. veirlişə yalnız AzİnTelecom nümayəndələri dəvət aldığından bu sahədəki mövcud vəziyyət və problemlər elə də açıqlanmadı".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu