Əlövsət Əliyevi kim həbs etdirib: Şahbaz Xuduoğlu danışdı




Almaniyada miqrant alveri ittihamı ilə həbs edilən azərbaycanlı mühacirlərin istintaqı uzanır. Artıq onların saxlanılmalarından iki aydan çox vaxt ötür. Bu müddət ərzində onların sırasından Müsavat Avropa Koordinasiya Mərkəzinin üzvü Mehdi Xəlilbəylinin yarım ay öncə azad olunması xüsusi diqqət çəkib. Bu prosesin davamlı olacağı, yəni yerdə qalanların da azad olunacağı ehtimal olunsa da, bunların heç biri hələ ki baş vermir.



Qeyd edək ki, həbsdə qalanlar sırasında ən tanınmışı "Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevdir. O, məhkəməyə hazırlaşır. Bu barədə "Yeni Müsavat”a onun qardaşı, "Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlu məlumat verdi: "Hələ ki, istintaq gedir. Yaxınlarda məhkəməsinin olması gözlənilir. Məhkəməyə hazırlaşır. Ümid edirik ki, məhkəmə zamanı azadlığa çıxacaq. Vəkillər onun işi ilə artıq tanış olublar. Faktiki olaraq, onun əleyhinə verilən hər hansı ifadə yoxdur. Ümumi hadisələrin fonunda həbs baş verib. Yəqin ki, məhkəmədə bu məsələ öz hüquqi həllini tapacaq və azadlığa buraxılacaq. Bu ittiham üzrə həbs edilən digər şəxslərdən bir məlumatım yoxdur. Amma Əlövsətin özünün hələ bir məhkəməsi belə olmayıb. Hazırda məhkəməyə hazırlıq gedir. Uzağı gələn ayın əvvəlinə kimi məhkəməsinin olması gözlənilir. Almaniyadakı proseduraları bilmədən, məhkəmə olmadan Əlövsətin nə zamana qədər həbsdə saxlanıla biləcəyini deyə bilmərəm. Amma bizdə qanunvericiliyin tələbləri var. Belə ki, prokurorluğun tələbi ilə məhkəməyə qədər olan mərhələ bir az da uzadılır. Orada bu iş necə həyata keçirilir, bilmirəm. Əlövsət saxlanılanda ilk olaraq, ona dövlət vəkili təyin olunmuşdu. Biz çalışdıq ki, əlavə vəkillər də cəlb edək. Ona görə bu mərhələ bir az uzandı. Ola bilər ki, onun orada qalmasına səbəblərdən biri də vəkillə paralel olaraq, eyni vaxtda hərəkət etməməyimiz oldu. Yəni dövlət vəkilinin olmamasına üstünlük verdik. Amma sonradan başa düşdük ki, özəl vəkilin olması çox vacibdir”.

Ş.Xuduoğlu təxminən bir ay əvvəl qardaşı ilə görüşdüyünü söylədi: "İndiyə qədər bir dəfə onunla görüşmüşəm. Təqribən bir ay olar. Elə bir ciddi sözü-filan olmadı. Onunla kimin şikayəti əsasında həbs olunduğu, səhhətinin necə olması, həbsin niyə baş verdiyi məsələlər fonunda söhbətimiz oldu. Bildirdiyinə görə, həbs olunacağını gözləmirmiş. Onun üçün də həbsinin gözlənilməz olduğunu bildirdi. Durumu normaldır. Saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur. Bundan sonra vəziyyətin necə olacağını gözləyək”.

Müsahibimiz qardaşının kimin şikayəti əsasında həbs olunduğunu açıqlamaq istəmədi: "Hələ ki proses araşdırılır. Ona görə də burada ad çəkmək istəməzdim”.

Azərbaycanlı mühacirlərin ölkəmizə deportasiya olunub-olunmayacaqları, eləcə də nə zamana qədər məhkəmə olmadan bu prosesin uzana biləcəyi barədə hüquqi rəy aldıq.

Hüquqşünas Əsabəli Mustafayev bunları dedi: "Onların hansı ittihamlarla həbs olunduqları mənə dəqiq məlum deyil. Ancaq görünür ki, ciddi ittihamlardır Bunun üçün də onlar barəsində həbs-qətimkan tədbiri seçilib. Çünki Almaniya və digər Avropa ölkələrinin hüquq sistemində həbs qətimkan tədbiri həddən artıq nadir hallarda seçilir. Lap ağır ittiham olanda belə girov, zaminə götürmə kimi yollarla azadlıqda qalırlar. Ancaq bu dəfə dərhal həbs-qətimkan tədbirinin seçilməsi göstərir ki, ortada çox ciddi ittihamlar var. Ola bilsin, istintaqda məlumat var ki, onlar azadlıqda qalarlarsa, qaça bilərlər, yaxud digər bir ölkəyə keçərlər. Ona görə də ehtimal ki, onları bu səbəbdən həbsdə saxlayırlar. Məhkəmə olmadan bu müddətin nə qədər uzanacağını dəqiq demək çətindir. Bizim qanunlarda bununla bağlı məhdudiyyətlər mövcuddur. Tutaq ki, az ağır cinayət üçün 9, digər cinayətlərə görə 11 ay nəzərdə tutulur. Bir çox Avropa ölkələrinin qanunvericiliyində belə müddətlər yoxdur. Yəni istintaq iki il də getsə, onlar həbsdə qala bilərlər. Ona görə də indidən onların nə qədər həbsdə qalacaqlarını demək çətindir. Görünür, məhkəməyə, məhkəmə hökmünə qədər həbsdə saxlayacaqlar. Ondan sonra cəzalar başlayacaq. İstənilən halda onları azadlığa buraxa da bilərlər. Yaxınlarda belə hal baş verdi. Bu ittihamla saxlanılan 1-2 nəfər azad olundu. İstintaq uzandıqca, onların həbsdə qalmaları da uzana bilər. Bu da istisna deyil”.

Hüquqşünas Almaniyada həbsdə saxlanılan mühacirlərimizin Azərbaycana deportasiya ehtimallarının olub-olmamasına da aydınlıq gətirdi: "Kimin vətəndaşlığı varsa, yəqin ki, deportasiya olunmayacaq. Digər tərəfdən rəsmi oturumları olan şəxslərin də barələrində inanmıram ki, deportasiya qərarı olsun. Çünki bu ittiham Azərbaycanda baş verən cinayətlə bağlı deyil. Amma istintaq müəyyən etsə ki, bu, davamlı, transmilli cinayətdir, yəni burada başlayıb, Almaniyada davam etdirilib, o halda Azərbaycan hökuməti də istəsə, onları ölkəmizə təhvil verə bilərlər. Belə olan halda onlar burada mühakimə oluna və cəza ala bilərlər. Belə məlumatlar var idi ki, bunlar mütəşəkkil dəstədir. Bir hissəsi Azərbaycanda, digər hissəsi Almaniyada olub. Hər halda, istintaqın gedişindən çox şey asılı olacaq”.

Sonda hüquqşünas azərbaycanlı bir vəkilin Almaniyadakı mühacirlərimizi müraciəti əsasında müdafiə edə bilib-bilməməsinə də toxundu: "Almaniyada bu, mümkün deyil. Bizdə də belədir, yəni alman vəkil gəlib burada hüquqi yardım göstərə bilməz, amma hüquq məsələləri üzrə məsləhət verə bilər. Eşitdiyimə görə, onların da qanunvericiliyində belədir ki, digər ölkənin vəkili gedib, orada vəkillik edə bilməz. Almaniya Avropa İttifaqına daxildir. İttifaqa üzv ölkənin vəkili orada vəkillik edə bilər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu