"British American Tobacco" 5500 nəfəri işdən çıxaracaq



"British American Tobacco" işçi qüvvəsini təxminən 20 faiz azaltmağı planlaşdırdığını elan edib.

AFN.az xəbər verir ki, şirkət hüquqi tənzimləmələrdən qaynaqlanan çətinliklər və gecikən məhsul təqdimatları qarşısında xərcləri azaltmaq və gəlirliliyi artırmaq məqsədilə süni intellekt dəstəkli transformasiya proqramını sürətləndirir.

Tütün nəhəngi 5500 nəfəri işdən çıxaracağını, 3500 əməkdaşı isə "Accenture" daxil olmaqla digər şirkətlərə transfer edəcəyini açıqlayıb.

Bu köklü yenidənqurma addımı şirkətin ən böyük bazarı olan ABŞ-yə şamil edilmir.

Qənaət planının 2027-ci il üçün hədəflənən 500 milyon funt-sterlinqə əlavə olaraq, 2028-ci ilə qədər illik əsasda 600 milyon funt-sterlinq həcmində əlavə qənaət təmin edəcəyi nəzərdə tutulur.

Baş direktor Tadeu Marroko verdiyi açıqlamada bu dəyişikliklərin bir çox iş yoldaşına təsir etdiyini və hədəflərinin bu keçid prosesində onlara hörmətlə dəstək olmaq olduğunu bildirib.

Marroko bu addımın şirkəti daha çevik, xərc intizamına sahib və texnologiya yönümlü bir struktura qovuşduracağını da sözlərinə əlavə edib.

"Lucky Strike""Dunhill" kimi məşhur siqaret markalarının istehsalçısı olan şirkətin satış və mənfəət artımı son illərdə olduqca durğun gedişat nümayiş etdirirdi.

Şirkətin öz qarşısına qoyduğu hədəflərdən geri qalması və ya bu hədəflərə güclə çatması bəzi investorlarda məyusluq yaratmışdı.

Şirkətin əsas mənfəət mənbəyi olan ənənəvi tütün məhsulları qarşısıalınmaz bir azalma meylindədir. Belə ki, şirkət bu il sektor miqyasında qlobal olaraq 2,5 faizlik bir daralma proqnozlaşdırır.

Tütün nəhəngi böyüməyi davam etdirmək üçün diqqətini "Vuse" elektron siqaretləri və "Velo" nikotin yastıqları kimi siqaret alternativlərinə yönəltsə də, bu sahədə də müxtəlif problemlərlə qarşılaşaraq ən böyük rəqibi "Philip Morris International"dan geri qalıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu