Baş Prokurorluq Yekaterunburq hadisələri ilə bağlı cinayət işi başladı

Azərbaycan vətəndaşlarının və azərbaycan əsilli şəxslərin Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qoyulmaqla iki nəfərin xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Azərbaycanın Baş prokuroru tərəfindən cinayət işi başlanıb.
Bu barədə AFN.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, ilkin istintaqla müəyyən edilib ki, iyunun 27-də səhər saatlarında Rusiya Federasiyasının Milli Qvardiyasının, Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının iştirakı ilə Yekaterinburq şəhərində həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Yekaterinburq şəhərində müxtəlif ünvanlarda yaşayan Azərbaycan Respublikası vətəndaşları və azərbaycan əsilli şəxslər əvvəlki dövrlərdə törədilmiş cinayətlərdə iştirak etməkdə şübhəli bilinərək saxlanılıb.
Rusiya Federasiyasının qeyd olunan əməliyyat-axtarış fəaliyyəti subyektlərinin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən bir qrup halında azadlığı məhdudlaşdırılmaqla faktiki köməksiz vəziyyətdə olan, özünü zərbələrdən qorumaq imkanı olmayan Azərbaycan vətəndaşları və azərbaycan əsilli digər şəxslərə həm saxlama prosesində, həm daşındıqları nəqliyyat vasitələrində, əməliyyat-axtarış subyektlərinin yerləşdiyi inzibati binalarda bərk küt əşyalarla bədənlərinin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirilməklə işgəncələrə məruz qoyulmuş və ağır bədən xəsarətləri yetirilib.
Nəticədə 1966-cı il təvəllüdlü – 60 yaşlı, xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Hüseyn Səfərov həmin gün saat 15 radələrində Yekaterinburq şəhərində daxili işlər orqanının inzibati binasında, onun qardaşı – 1970-ci il təvəllüdlü – 55 yaşlı, taksi sürücüsü kimi fəaliyyət göstərən iki övlad atası Ziyəddin Səfərov isə səhər saatlarında əməliyyat qurumuna məxsus xidməti avtomobildə aldığı xəsarətlər nəticəsində xüsusi amansızlıqla qəsdən öldürülüb.
İstintaq zamanı təyin edilmiş Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Səfərov Hüseyn Mehti oğluna yetirilmiş çoxsaylı xəsarətlər, o cümldən qabırğaların çoxsaylı sınıqları və sair fonunda yaranmış posttravmatik və posthemorragik şok nəticəsində, sonuncunun qardaşı 10.12.1970-ci il təvəllüdlü Səfərov Ziyəddin Mehti oğlu isə ona yetirilmiş çoxsaylı xəsarətlər fonunda yaranmış posttravmatik şok nəticəsində ölüb.
Həmçinin Rusiya Federasiyasının səlahiyyətli əməliyyat-axtarış qurumları tərəfindən saxlanılmış digər çoxsaylı şəxslərə qarşı da eyni üsulla işgəncələr tətbiq edilməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış digər Azərbaycan Respublikası vətəndaşlarının olması və hazırda Rusiya Federasiyası ərazisində tibb müəssisəsində müalicələrinin davam etdirilməsi müəyyən edilib.
Toplanmış materiallar əsasında Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 12.2, 120.2.1, 120.2.4, 120.2.7, 120.2.9, 309.2 və 293.3-cü maddələri ilə cinayət işi başlanıb.
İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub, cinayət işi üzrə istintaq qrupu yaradılmaqla aktiv istintaq tədbirləri icra edilir.
Azərbaycanın Baş Prokurorluğu tərəfindən beynəlxalq hüquq normalarına uyğun olaraq müvafiq dövlətlərə hüquqi yardım sorğuları göndərilib və istintaqın effektiv aparılması, cinayətkarların məsuliyyətə cəlb olunması üçün əməkdaşlıq təmin ediləcək.