ABŞ Luqansk, Donetsk, Xerson və Zaporojya bölgələrini də Rusiya ərazisi kimi tanıya bilər - İDDİA

ABŞ-ın Rusiya-Ukrayna müharibəsi ilə bağlı təklif etdiyi sülh planında Krımın Rusiyanın bir hissəsi kimi rəsmən tanınması və 2022-ci ildən Rusiyanın nəzarətində olan bölgələrin de-fakto tanınması ilə bağlı müddəaların olduğu iddia edilir.
"Axios"a danışan plandan birbaşa xəbəri olan mənbələr ötən həftə Fransanın paytaxtı Parisdə keçirilən görüşdə Ukrayna rəsmilərinə təqdim edilən sülh şərtlərini ehtiva edən bir səhifəlik sənədin ABŞ prezidenti Donald Trampın müharibəyə son qoymaq üçün son təklifi olduğunu bildirib.
Planı görən başqa bir ABŞ rəsmisi bildirib ki, sülh şərtləri ABŞ dövlət katibi Marko Rubio və Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff tərəfindən hazırlanıb.
Sənədə görə, Tramp administrasiyasının Krımın Rusiya ərazisi kimi rəsmən tanınmasına razılıq verəcəyini iddia edən mənbələr 2022-ci ildə başlayan müharibədən sonra Rusiyanın nəzarətinə keçən Luqansk, Donetsk, Xerson və Zaporojya bölgələrinin de-fakto tanınmasını nəzərdən keçirəcəyini iddia edib.
Mənbələr plan çərçivəsində 2014-cü ildən bəri Rusiyaya qarşı tətbiq edilən sanksiyaların qaldırılacağını və xüsusilə enerji və sənaye sahələrində iqtisadi əməkdaşlığın artırılacağını da iddia edib.
Təqdim olunan sülh planına əsasən, Ukrayna Avropa Birliyinə (Aİ) üzv ola bilər, lakin NATO-nun üzvü olmayacaq, deyən mənbələr Ukraynanın müharibədən sonrakı bərpası üçün lazımi təzminat və yardımın təmin edilməsi öhdəliyinin götürüldüyünü bildiriblər.
ABŞ prezidenti Tramp aprelin 21-də Ağ Evdə verdiyi açıqlamada Rusiya-Ukrayna prosesinin müsbət irəlilədiyini qeyd edərək, “Rusiya-Ukrayna razılaşmasının bu həftə bağlanma ehtimalı kifayət qədər yüksəkdir” deyib.
Trampın xüsusi nümayəndəsi Vitkof da ötən həftə Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb və Ağ Ev görüşün müsbət keçdiyini açıqlayıb.
Rusiya 2014-cü ildə Krımı, 2022-ci ildə başlayan müharibədən sonra Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərini qanunsuz olaraq ilhaq edib.