BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri seçilib
Yunanıstan, Danimarka, Pakistan, Panama və Somali 2025-ci il yanvarın 1-dən BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri olacaqlar.
Bunu BMT Baş Assambleyasında səsvermənin nəticələri göstərib. Təhlükəsizlik Şurasının yeni üzvləri səlahiyyət müddəti bu il dekabrın 31-də başa çatacaq Malta, Mozambik, İsveçrə, Ekvador və Yaponiyanı əvəz edəcək.
Hər bir ölkənin səsinin böyük ekranda nümayiş olunduğu qətnamələr üzrə səsvermədən fərqli olaraq, Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvlərinin seçilməsi proseduru gizlidir. Bu il Baş Assambleyada səsvermə heç bir intriqa və rəqabət olmadan baş tutub.
BMT Təhlükəsizlik Şurasına 10 qeyri-daimi üzv daxildir və beş dövlət rotasiya çərçivəsində hər il dəyişir. Daimi üzvlərdən (Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa) fərqli olaraq, onların veto hüququ yoxdur.