Reklamlarda Azərbaycan dilinin normaları çox ciddi formada pozulur - EKSPERT
Dil yalnız ünsiyyət,əlaqə vasitəsi deyil, həm də dünyanı, ətraf aləmi dərketmə alətidir.
Ötən əsrin 90-cı illərindən dilimizin vəziyyətini həm də reklamlarda görməyə, duymağa başladıq. Həmin dövrün informasiya mənbələrinin kasadlığında reklam kampaniyaları bir növ “ayaq açıb” həyatımıza daxil olmağa başladı. İlk günlər bu “informasiya məlumatı” insanlara xoş təsir bağışlayır, küçələrə vurulmuş reklam lövhələri onların diqqətini çəkirdisə, gün keçdikcə reklamın kommersiya və biznes yaratma məqsədlərinə xidmət etməsindən doğan reallıq dilimizə öz dərin izlərini buraxmağa başladı. Reklamlar bizi “məlumatlandırmaqla” sanki yaşadığımız şəhərin dilinə “çevrilməyə” başladı.
Ulusal.az dilçi ekspert Gülər Mübarizdən reklamlarda Azərbaycan dilinin işlədilməsi qaydalarının doğru işlənib-işlədilmədiyi ilə bağlı, onun fikirlərin öyrənib. Ekspert bildirib ki, reklamlar artıq hər yerdədir və televiziya vasitəsilə evimizin içinə daxil olur, radioda, qəzetlərdə, küçələrdə, afişalarda, plakatlarda, bukletlərdə, etiketlərdə, internetdə, virtual aləmdə və s. qarşımıza çıxır. Palitrası, rəngarəngliyi, cəlbediciliyi və təbii ki, səhvləri ilə birlikdə: «Müasir insan hər gün müxtəlif hadisələr mühitindədir, həmin mühit reklamlarla əhatə olunub.
Reklam verənin vəzifəsi alıcıların diqqətini bir məhsula və ya xidmətə çəkməkdir və çox zaman bunu müxtəlif xətaların bahasına da olsa, edirlər. Bəzən antireklamın da diqqət çəkdiyini düşünüb sırf bu yöndə hərəkət etməklə, bunun zərərlərini gözardı etmək yolverilməzdir. Bunların kütləvi dil qüsurlarına yol açmayacağına və cəmiyyətin danışıq biçiminə təsir etməyəcəyinə dair bir dəlil varmı?
Bu mövzuda əsas məqsəd günümüzdə yaradılan reklamlarda,reklam kimi istifadə olunan bütün yazılarda dil qüsurlarını aşkar etmək, diqqəti bu yanlışlar üzərinə çəkmək və dilin qorunmasında hər hansı bir faydası olmaqdır.
Apardığımız müşahidələr göstərir ki, müstəqillik illərində Azərbaycan dilinin milli dil kimi saflığının qorunması və inkişafı üçün kifayət qədər qərarlar və qanunlar qəbul edilsə də, bu qərarların icrasında ciddi nöqsanlar, boşluqlar qalmaqdadır. AMEA Nəsimi adına Dilçilik İnstitutunun apardığı monitorinqlər və müşahidələr də bir daha sübut edir ki, reklamlarımızın dilində ciddi problemlər müşahidə edilir. Dilçilər, adətən, reklamların dilini funksional-üslubi cəhətdən təhlil edirlər». Gülər Mübariz vurğulayıb ki, küçə və prospektlərdə hər an reklam mətnlərindəki norma pozuntuları ilə qarşılaşmaq olur. Reklamlarda daha çox orfoqrafik, leksik və qrammatik normalar pozulur: « Deyə bilərəm ki, Azərbaycanın xüsusilə efir məkanında nümayiş etdirilən reklamlar xaricdən ölkəmizə idxal edilən məhsulları əhatə edir. Onların dilimizə tərcüməsi isə çox zaman qaydasında olmur». Ekspertin sözlərinə görə, reklam mətnlərində açar sözlər və ifadələr bir çox hallarda düzgün seçilmir. Ona görə də insanlar reklamda əks etdirilən fikri, məqsədi başa düşə bilmir: « Məsələn: “Qutab evi”, Oboy evi” və s. bu kimi məntiqsiz adlarla rastlaşırıq. Ümumiyyətlə, son illər “ev” sözü yeni birləşmələrin yaranmasında fəal iştirak edir: şərab evi; təkər evi, kabab evi və s. Olmaz ki, “Oboy evi” yox, “Divar kağızı çeşidləri” olsun? Bu fikirlə tamamilə razıyıq ki, “ev” insana, “hin” toyuğa, “dam” itə, “tövlə” mal-qaraya aid anlayışlardır. Bu sözlərin daşıdığı mənanı qarışdıranlar nəinki ədəbi dili, hətta məişət leksikasını belə bilmirlər. Belə misalların sayı onlarladır».