“Nəsimi” bazarı və Nəsimi ili: bazarın adının dəyişdirilməsi təklif edilir - RƏYLƏR




“Nəsimi” bazarının adı dəyişdirilməlidir. Böyük şairin adına bazar olmaz”.



Belə bir təkliflə “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs çıxış edib. O qeyd edib ki, bazarın Nəsiminin adını daşıması doğru deyil. Məsələ ilə bağlı şairlə əlaqə saxlayaraq, bu barədə fikirlərini daha ətraflı öyrənməyə çalışıq.



Q.Ağsəs AFN-ə verdiyi açıqlamada bildirib ki, Nəsimi ilində bazarın adının dəyişdirilməsi məqsədəuyğun olardı: “Bildiyiniz kimi, 2019-cu il Nəsimi ili elan edilib. Bununla bağlı internetdə araşdırma apardım. Qarşıma maraqlı faktlar çıxdı. Məsələn, Sumqayıt və Şamaxı şəhərlərində Nəsimi Festivalları keçirilib. Eləcə də ölkənin bir çox yerində şairin heykəlləri var. Bakıda rayonların biri də Nəsiminin adını daşıyır. Bu məlumatların arasında şairin adına bazarın olmağı diqqətimi cəlb etdi. Əvvəl elə düşündüm ki, bazar el arasında bu adla tanınır. Sonra obyektin adının elə Nəsimi olduğunu öyrəndim. Hətta qarşısına da bu adla lövhə vurulub”.

Q.Ağsəs onu da qeyd edib ki, bazarın bağlanmasını deyil, sadəcə adının dəyişdirilməsini təklif edir: “Dünyanın hər yerində bazar var. Onun fəaliyyəti ilə bağlı iradım yoxdur. Mən şairin adının üstündən götürülməsini istəyirəm. Düzdür, Nizaminin də adına “mall” var. Ona da yaxşı baxmıram, amma Nəsiminin adına bazar olmağının tam əleyhinəyəm”.


Vüsal Hətəmov

Ad təklifi ilə bağlı ölkənin digər ziyalılarının da münasibətini öyrənmək istədik. Nəsimişünas Vüsal Hətəmov AFN-in sorğusuna cavab olaraq bildirdi ki, Q.Ağsəsin irəli sürdüyü təklifi dəstəkləyir: “İronik də olsa, qeyd edim ki, yəqin müştəriləri Nəsimi kimi soymaq üçün bazara bu ad seçilib. Əks-halda bazarla mütəfəkkirin nə məntiqi uyğunluğu ola bilər ki? Düşünürəm ki, Nəsiminin adı kinoteatr, kitabxana, digər elmi-maarifçi xarakter daşıyan sahələrdə işlənsə, daha uyğun olardı”.


Şərif Ağayar

“Kulis.az” saytının baş redaktoru, yazar Şərif Ağayar da mövzu ilə bağlı fikirlərini AFN-lə bölüşdü: “Məncə, bazar sözü elə də qorxulu deyil. Ən azı kitab bazarı deyə bir anlayış var. Kitab həm də əmtəədir. Cəmiyyətdə ədəbiyyat adamlarının, klassiklərin daha hörmətli tutulması anlamında bu fikri lazımlı hesab edirəm. Nəsiminin adının bazardan götürülməsi təfərrüatdır. Məsələnin köklü həlli isə ədəbiyyatın inkişafı, kitab sənayesinin formalaşması üçün ədəbiyyat adamlarının, eləcə də "Ulduz" jurnalının dövlətimiz qarşısında təşəbbüslə çıxış etməsidir”.


İlqar Rəsul

Sorğuda iştirak edən jurnalist, yazar İlqar Rəsul da ad təklifini dəstəklədiyini bildirdi: “Doğrusu, mən bilmirəm niyə ora “Nəsimi bazarı” adlanır və bu ad nə dərəcədə rəsmidir? Adətən əhali bazara daha çox ərazisində yerləşdiyi rayonun adını deyir. Hətta rəsmi adı başqa olsa belə. Sözü gedən obyektə isə Nərimanov rayonunun ərazisində olduğu halda “Nəsimi bazarı” deyilir. Yəqin ki, buna Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq idarəsi daha dəqiq cavab verə bilər. Amma fərqinə varanda, həqiqətən də bazara belə bir adın verilməsi anormal görünür. Keçən il söhbət gedirdi ki, o bazar söküləcək, yerində yaşayış binası tikiləcək. Elədirsə, ad dəyişməyə ehtiyac yoxdu. Yox əgər, bazar yerində qalacaqsa, əlbəttə ki, rəsmi qurumların şairin təklifi üzərində düşünməsi məqsədəuyğun olardı”.


Anar

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev mövzu ilə bağlı mövqeyini AFN-ə belə açıqladı: “Bazarın adının dəyişdirilməsi yaxşı təklifdir. Bununla mən də razıyam. Düşünürəm ki, Nəsimi adında bazar olmamalıdır. Bu adı bazarın üstündən götürsünlər”.


Kənan Hacı

Yazar Kənan Hacı da ad təklifi ilə bağlı münasibətini bildirdi: “Ədəbi dühaların adları hansı məntiqlə bazara verilməlidir?! Üzeyir Hacıbəylinin adına bazar təsəvvür edirsiniz? Yaxud Səməd Vurğun yarmarkası? Bu, nə məntiqdir? Nəsimi adına Dilçilik İnstitutu da olsun, bazar da? Ağlasığmazdır. Ona görə, Qulu Ağsəsin fikriylə həmrəyəm. Bu biabırçılığa son qoymaq lazımdır. Görün, Konyada Mövlananın adına çarşı, bazar qoyarlarmı? Onun adı müqəddəs türbələrə, mənəvi ocaqlara verilir. Klassiklərimizi mənəvi ucalıq mərtəbəsindən endirməklə, özümüzü hörmətdən salmaq kimin ağlına gəlib görəsən? Bazara Nəsimi adını kimlər, nə vaxt verib, bilmirəm. Amma düşünürəm ki, bu ləkəni təmizləmək lazımdır. Ticari məkanlara böyük söz xəzinədarlarımızın adını vermək ayıb bir işdir”.


Rəşad Məcid

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə adla bağlı problem olmadığını qeyd etdi: “Normaldır. Narahat olmağa dəyməz. Ora xalq Nəsimi deyir. Xalq da bu adı rəva görürsə, deməli, olar”.


Aysel Əlizadə

Yazar Aysel Əlizadə AFN-in suallarını cavab olaraq qeyd etdi ki, ad təklifini ilk dəfə özü irəli sürüb: “Əlbəttə ki, Nəsimi adına bazar olmaz .Bu, mənim fikrimdir, ilk dəfə mən səsləndirmişəm. Bu haqda 10 il əvvəl yazmışam, dəfələrlə verilişlərdə demişəm. Hətta bir ara bazarın önündən Nəsimin adı yazılan tablonu götürdülər. Sonra yenidən gətirib asdılar”.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu