"Reyd zamanı sərxoş sürücüləri və fahişələri çəkmək..." - Ekspertdən AÇIQLAMA




“Çəkmə məni! İcazə almamış, nə haqla çəkirsən? Söndür kameranı”.



Reyd zamanı videoçəkilişə etiraz edən sürücülərdən ən çox eşitdiyimiz bu sözlər olur. AFN-in məlumatına görə, hətta operatora hücum çəkən, kameranı sındırmağa çalışan vətəndaşlar da var, çoxu da sərxoş vəziyyətdə. Hələ çəkiliş heyətini qanunsuz iş görməkdə ittiham edən, məhkəmə ilə hədələyənlər də tapılır.

Sosial şəbəkədə yayılan reyd videolarına izləyicilərin də münasibəti birmənalı deyil. Kimi sərxoş sürücüləri çəkib mediaya yayanları qınayır, kimi isə normal qarşılayır. Etiraz edənlər daha çox şəxsi həyata müdaxilə kimi qiymətləndirir, vətəndaşın ictimai nüfuzuna zərər verdiyini düşünürlər.

Bəs məsələnin əsli necədir? Sürücünü sərxoş halda çəkmək və mediaya yaymaq qanuna zidd, vətəndaşın şəxsi həyatına müdaxilə sayılırmı? Suallarımıza aydınlıq gətirmək məqsədi ilə media məsələri üzrə ekspert Ələsgər Məmmədlinin fikirlərini aldıq. O, AFN-ə bildirdi ki, reyd zamanı bu cür çəkilişlərin aparılması qeyri-qanunu deyil: “Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı keçirilən reydlərdə sürücü sərxoşdursa, onun hüquq pozuntusuna yol verməyi ictimai əhəmiyyət daşıyır. Odur ki, videoçəkiliş edilə və yayıla bilər. Bu məsələdə sürücülərin hüquq pozuntusuna yol verilmir”.

Söhbət əsnasında əxlaqsızlıq yuvalarında keçirilən reydlərlə bağlı da hüquqşünasın fikirlərini öyrəndik. Ə.Məmmədli bildirdi ki, saxlanılan qadınların videoçəkilişi və yayılması da qanuna uyğundur: “Fahişələri də hüquq pozuntusuna yol verdikləri səbəbi ilə saxlayıblarsa, deməli, ictimai əhəmiyyət daşıyır. Çünki konkret İnzibati Xətalar Məcəlləsi ilə (İXM) cəzalandırılacaq əmələ yol veriliblər. Azərbaycan Respublikasının İXM-in 524-cü maddəsinə əsasən fahişəliklə məşğul olmağa görə 100 manat məbləğində cərimə nəzərdə tutulur”.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu