56 min manatlıq dələduzluq və "DTX polkovniki" adı ilə hədə-qorxu - İDDİA


AFN.az-ın redaksiyasına Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbə sakini Əliyev Xalid Elxan oğlu tərəfindən müraciət daxil olub. Saytımıza üz tutan vətəndaş iddia edir ki, doğma qohumu tərəfindən etibarından sui-istifadə edilərək külli miqdarda vəsaiti ələ keçirilib, özü isə ağır fiziki və psixoloji təzyiqlərə, hədə-qorxulara məruz qalıb.

Çarəsiz qalan X.Əliyev məsələ ilə bağlı hüquq-mühafizə, xüsusi xidmət və istintaq orqanlarına rəsmi şikayət məktubu ünvanladığını bildirib. O, başına gələn hadisəni belə nəql edir:

"Mən ekskavator alqı-satqısı, təmiri və icarəsi işləri ilə məşğul olurdum. 2023-cü ilin ortalarında yaxın qohumumuzun toyunda bibim oğlu Ceyhun Hüseynovla rastlaşdıq. Hansı işlə məşğul olduğumu soruşdu. Sonra mənə dedi ki, onun böyük əlaqələri var, dostlarına ekskavator lazımdır. Biznes qurmağı, ekskavator alıb icarəyə verməyi təklif etdi və məndən texnika tapmağımı istədi. Mən də doğma qohumdur deyib ona tam inandım".

X.Əliyevin sözlərinə görə, özü də bilmədən qohumunun qurduğu plan addım-addım reallaşdırıb:

"2023-cü ilin avqustunda Ceyhun və onun Cəfər adlı dostu ilə görüşdük. Bir neçə gündən sonra Cəfər mənə ekskavator alınması üçün 49 000 manat pul verdi. Ceyhun bunu eşidən kimi dərhal mənə təzyiq və israr etməyə başladı ki, pulu mənə ver, mənim başqa dostum var, ondan daha ucuz 2 dənə ekskavator alacam. Qohumdur deyə şübhələnmədim, pulu ona verdim. Sentyabr-oktyabr aylarında isə Ceyhun-un Çiçək adlı başqa bir xanım dostu gəldi, o da ekskavator almaq istədiyini dedi və mənə 18 000 manat pul verdi. Ceyhun dərhal mənə zəng edib "Koroğlu" metrosunun yanına çağırdı, "pulu gətir, maşınları alıram" dedi. Həmin 18 000 manatı da aparıb ona verdim. Sonradan hər soruşanda "alacam, gətirəcəm" deyib məni yubatdı".

Borcu bağlamaq üçün bankdan kredit götürdüm

Xalid Əliyev bildirir ki, Ceyhun Hüseynov pulunu aldığı şəxsləri bir müddət aldatmaq üçün birinci ay Cəfərə guya maşın işləyirmiş kimi 6000 manat pul ödəyib. Lakin növbəti aylarda heç bir ödəniş olunmayıb və aldadılan şəxslər pullarını rəsmi olaraq vasitəçi olan Xaliddən tələb etməyə başlayıblar:

"Çiçək adlı xanım iş yerimə gəlib səs-küy saldı. Ceyhuna zəng elədim, mənə dedi ki, sən sakit dur, qadına demə ki, ekskavator alınmayıb, mənim tərəfdaşım xaricdədir, gələn kimi həll edəcəm. Dekabr ayına qədər məni aldatdı. Axırda dözməyib Cəfərlə Çiçəyə dedim ki, Ceyhun bizi aldadıb, ekskavator-filan yoxdur. Onlar gedib pulu Ceyhundan istəyəndə isə Ceyhun üzümə dirəndi, guya pulu ona vermədiyimi deyib hədəfi mənə yönəltdi. Adım batmasın, insanlara qarşı yalançı olmayım deyə məcbur qalıb bankdan kredit götürdüm. Çiçəyə ekskavator alıb verdim, Cəfərə isə 50 000 manat nağd pul qaytardım. Onun borclarını mən bağladım".

"DTX polkovniki": "Evini yandıracam, ailəni tutduracam"

X.Əliyev öz vəsaiti hesabına qohumunun borclarını bağladıqdan sonra ümumilikdə zərər çəkdiyi 67 000 manat pulu geri tələb edib. Ceyhun bunun bir hissəsini qaytarsa da, qalan 56 000 manat pulu mənimsəyib və zərərçəkmişə qarşı dəhşətli təhdidlərə başlayıb:

"Pulumu istəyəndə mənə hədə-qorxu gəldi, "səni tutduracam" dedi. İş yerimə gəlib məni döydü, ağır bədən xəsarətləri yetirdi, bir həftə yerimdən dura bilmədim, işə gedə bilmədim. Mənə dedi ki, pulu məndən yox, bacım oğlu Məmməddən istə (pulumun 30 minini onun vasitəsilə evimdə vermişdim). Məmmədə deyəndə isə "hara istəyirsən şikayət elə" cavabını aldım. Yenidən Ceyhundan pulumu tələb edəndə mənə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) polkovnik rütbəli formasında şəkillərini göndərdi. Özünü DTX polkovniki kimi təqdim edib məni, ailəmi, qocaman valideynlərimi açıq şəkildə təhdid etdi. DTX-dan polkovnik-leytenant rütbəsində tərxis olunub, təqaüddə ola-ola polkovnik formasında fotolar atır, insanları təhdid edir. "Evini yandıracam, o biri orqanlarda vəzifəli tanışlarım var, hamınızı şərləyib həbs etdirəcəm" dedi. Bu təzyiqlərə dözə bilmədim, ailəm dağılmaq həddinə çatdı. Canımı qurtarmaq üçün ölkədən qaçmaq məcburiyyətində qaldım, məni intihar həddinə çatdırıblar".

Müraciətinin sonunda Xalid Əliyev qeyd edib ki, bibisi oğlunun bu əməlləri açıq-aşkar dələduzluq və hədə-qorxu ilə tələb etmə cinayətidir. O, AFN.az vasitəsilə daxili işlər naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevə müraciət edərək, etibarından sui-istifadə edib 56 000 manat pulunu mənimsəyən, özünü saxta sənəd və fotolarla DTX əməkdaşı kimi təqdim edib ailəsini məhv edən Ceyhun Hüseynovun qanun qarşısında cavab verməsini, cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir.

Qeyd edək ki, C.Hüseynov hazırda Azərbaycanda deyil. Digər yaxın qohumunun AFN.az-a verdiyi məlumata görə, bu Ceyhunun ilk belə əməli deyil. Belə ki, o, eyni zamanda bir neçə digər şəxsə (aralarında başqa qohumları da var-red) qarşı müxtəlif vədlər verməklə (işə düzəltmək, ev almaq adı ilə) eyni əməli törətməklə külli miqdarda (təxminən 150 min manatdan çox-red) vəsaiti mənimsəyərək ölkəni tərk edib. C.Hüseynovun hazırda Rusiya Federasiyasında yaşadığı bildirilir.

C.Hüseynovla əlaqə saxlayıb qeyd edilənlərlə bağlı mövqeyini öyrəndik. Bildirdi ki, haqqında deyilənlər tamailə əsassız iddialardır: "Heç birini qəbul etmirəm. Mən hazırda işimlə əlaqədar xarici ölkədəyəm, gələn ay Azərbaycana dönəcəm".






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu