Trampın nümayəndəsi: İranın yerinə Dünya Çempionatına İtaliya qatılsın



ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Paolo Zampolli yaxınlaşan Dünya Çempionatı turnirində İranın yerinə İtaliyanın daxil edilməsi üçün FİFA-ya müraciət edib.

AFN.az xəbər verir ki, "Financial Times"ın yaydığı məlumata görə, bu addım Tramp ilə İtaliyanın Baş naziri Corcia Meloni arasında pisləşən münasibətləri bərpa etmək cəhdi kimi qiymətləndirilir. İki lider arasındakı gərginlik ABŞ Prezidentinin İranla müharibə fonunda Papa 14-cü Leonu hədəf alan tənqidi açıqlamalarından sonra yaranıb.

"Financial Times"a danışan Zampolli, həm Trampa, həm də FİFA prezidenti Canni İnfantinoya bu təklifi şəxsən verdiyini təsdiqləyib. O, dördqat dünya çempionu olan İtaliya millisinin turnirdə iştirak etmək üçün kifayət qədər tarixi uğura malik olduğunu və onları ABŞ-nin ev sahibliyi etdiyi turnirdə görməyin böyük bir arzu olduğunu vurğulayıb.

Xatırladaq ki, İtaliya millisi pley-off oyununda Bosniya və Herseqovinaya uduzaraq ardıcıl üçüncü dəfə Dünya Kubokundan kənarda qalıb. Zampollinin təklifi İtaliya ictimaiyyətində maraq doğursa da, FİFA prezidenti Canni İnfantino aprelin 15-də verdiyi açıqlamada İranın turnirdə mütləq iştirak edəcəyini bildirib.

İnfantino idmanın siyasətdən kənar tutulmalı olduğunu və İranın bu vəsiqəni meydanda qazandığını vurğulayaraq hər hansı komanda dəyişikliyi ehtimalını rədd edib. İran tərəfi isə turnirə tam hazır olduqlarını və hazırlıqların davam etdiyini bəyan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu