Braziliya 2029-da klublararası futbol çempionatına ev sahibliyi etmək istəyir

Braziliya Futbol Konfederasiyasının (CBF) rəhbəri Samir Xaoud Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino ilə görüşdə 2029-cu ildə klublararası dünya çempionatının ölkədə keçirilməsində maraqlı olduğunu bildirib.
AFN.az xəbər verir ki, bu barədə CBF-nin mətbuat xidməti məlumat yayıb.
2025-ci ildə Klublararası Dünya Çempionatı ilk dəfə olaraq dəyişdirilmiş formatda 32 komanda ilə keçirilir. Turnirə ABŞ ev sahibliyi edir.
"CBF-nin rəhbəri kimi məqsədlərimdən danışdım və dedim ki, biz FİFA-ya daha da yaxınlaşmaq istəyirik. ABŞ-da keçirilən tədbirin yüksək səviyyədə olduğunu və Braziliya klublarının səviyyəsini qeyd etdim və növbəti turnirin Braziliyada keçirilməsini təklif etdim. Canni İnfantino çox sevindi və dedi ki, bu, tamamilə mümkündür. İndi bunun reallaşması üçün çalışacağıq. Bu, böyük məqsəd olacaq" - deyə Xaoud bildirib.
2029-cu il klublararası dünya çempionatına ev sahibliyi etməkdə maraqlı olan digər ölkə Avstraliyadır. Qeyd olunur ki, yerli federasiya 2023-cü ildə qadınlar arasında dünya çempionatına uğurla ev sahibliyi etdikdən sonra turnirin təşkili üçün müraciət etmək niyyətindədir. Lakin Canni İnfantino hələlik yarışın gələcək ev sahibi ölkəsinin müəyyənləşdirilməsinin təfərrüatlarını açıqlamayıb. Braziliya dəfələrlə böyük turnirlərə ev sahibliyi edib. 1950 və 2014-cü illərdə ölkə dünya çempionatına ev sahibliyi edib.