“Üfüqdə Vətən!” layihəsinin açılış mərasimi keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Üfüqdə Vətən!” layihəsinin açılış mərasimi 23 dekabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetində keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi, ardınca isə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış mərasimində tədbirə ev sahibliyi edən və layihənin tərəfdaşı Naxçıvan Dövlət Universitetinin Tələbələrlə iş və tədbirlərin təşkili sektorunun müdiri Hüseyn İmanov giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, “Konstitusiya və Suverenlik İli”nin mahiyyəti, Konstitusiya dəyərlərinin qorunması və dövlət suverenliyinin möhkəmləndirilməsində gənclərin rolundan bəhs edib. O, bu kimi layihələrin milli ideologiyanın təbliği və gənclərin ictimai-siyasi fəallığının artırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra açılış mərasimi çərçivəsində layihənin ideya xəttini əhatə edən panel müzakirə keçirilib. Panel müzakirədə tarix üzrə elmlər doktoru, dosent Sevinc Abbasova, Naxçıvan Dövlət Universitetinin Magistratura və Doktorantura Mərkəzinin direktoru, psixoloq Çapay Quliyev və Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının əməkdaşı Fatimə Yusifli çıxış ediblər.
Çıxışlarda Konstitusiya və suverenlik anlayışlarının müasir dövrdə əhəmiyyəti, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və gənclərin ideoloji dayanıqlığının artırılması məsələləri diqqətə çatdırılıb.
Açılış mərasiminin davamında layihənin rəhbəri Aysel Əliyeva çıxış edərək “Üfüqdə Vətən!” layihəsinin məqsəd və vəzifələri, əsas fəaliyyət istiqamətləri və gözlənilən nəticələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, layihə gənclərdə vətənpərvərlik, milli kimlik və dövlətə bağlılıq hisslərinin gücləndirilməsinə xidmət edir.
Tədbirdə Türkiyə Respublikasından olan tələbə Muhammed Hatip Koç çıxış edərək Azərbaycan xalqının qazandığı tarixi Zəfərin bütün türk dünyası üçün qürur mənbəyi olduğunu bildirib. O vurğulayıb ki, Vətən müharibəsində əldə edilən Qələbə təkcə Azərbaycanın deyil, “iki dövlət, bir millət” amalına ürəkdən bağlı olan Türkiyənin də sevinci olub.
Türk tələbə çıxışında Azərbaycan–Türkiyə qardaşlığının əsrlərə söykənən tarixi köklərindən, ortaq dil, din və milli-mənəvi dəyərlər üzərində formalaşan sarsılmaz birlikdən bəhs edərək qeyd edib ki, bu Zəfər gələcək nəsillərə ötürüləcək şərəfli bir tarixdir. O, gənclərin bu birlik ruhunu daim yaşatmalı, dövlətlərinin suverenliyini və milli dəyərlərini hər zaman uca tutmalı olduqlarını xüsusi vurğulayıb.
Çıxışda, eyni zamanda Zəngəzur dəhlizi məsələsinə də toxunulub. Tələbə bu təşəbbüsü region xalqları arasında əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə xidmət edən və xüsusilə gənclər üçün yeni təhsil, mədəniyyət və inkişaf imkanları yaradan perspektivli layihə kimi dəyərləndirib.
Açılış mərasimi musiqili bədii hissə ilə yekunlaşıb.
