Ceyhun Bayramov: Ermənistan və Azərbaycan üçün ilk dəfə olaraq sülh əlçatandır


Ermənistan və Azərbaycan arasında təxminən otuz ildir davam edən silahlı münaqişənin başa çatması və hər iki dövlətin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət etmək öhdəliyi götürməsi ilə iki ölkə öz müstəqilliklərini bərpa etdikdən sonra ilk dəfə olaraq sülh əlçatandır.


Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat əsasında silahlı münaqişə sona çatdıqdan sonra, 30 illik hərbi işğal dövründə Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal iş aparır: "Münaqişənin başa çatması sülhün qurulması, sabitliyin möhkəmləndirilməsi, dinc birgə yaşayışın təmin edilməsi, barışıq gündəliyinin irəlilədilməsi, iqtisadi inkişafa və əməkdaşlığa sərmayə qoyuluşu üçün imkan və real perspektivlər gündəmə gətirir".

"Azərbaycan bu yanaşma ilə Ermənistana münaqişədən sonrakı normallaşma gündəliyini təklif edib. Hər iki tərəf bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmətə əsaslanan dövlətlərarası münasibətlərin çərçivəsini təşkil edəcək ikitərəfli sazişin mətni üzərində danışıqlar aparır. Son bir neçə həftə ərzində Vaşinqtonda, Brüsseldə, Moskvada və Kişinyovda keçirilən danışıqlar tərəflərin əsas narahatlıqları daha yaxşı başa düşməsinə xidmət edib və bəzi məsələlərlə bağlı fikir ayrılıqlarını daraltmağa kömək edib", - nazir vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu