Hacı Şahin "Baku Medical Plaza" klinikasında müayinə olunubmuş - AÇIQLAMA


Bu gün dünyasını dəyişən tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənlinin bir gün əvvəl ürək ağrısı şikayətilə özəl klinikalardan birinə müraciət etdiyi bildirilir.


AFN.az xəbər verir ki, onun səhhətində yaranan problemlə bağlı hansı xəstəxanada olması məlum olub. Belə ki, bu barədə həmin klinikanın özündən açıqlama verilib. “Baku Medikal Plaza”nın Kardiologiya şöbəsinin müdiri Üzeyir Rəhimov bildirib ki, Hacı Şahin klinikanın təcili yardım xidmətinə müraciət edib. "İlahiyyatçı Hacı Şahin Həsənli bir gün əvvəl "Baku Medikal Plaza"nın kardiologiya şöbəsində yox, təcili yardımında olub. Ona xəstəxanada yatmaq tövsiyə olunub. Amma o, xəstəxanaya qəbul olmaqdan imtina edib, müvafiq sənədə imza atıb gedib" - deyə həkim qeyd edib.

Qeyd edək ki, ilahiyyatçının ölümü ilə bağlı müəyyən şübhələr də var. Bir çoxları sağlam həyat tərzi keçirən şəxsin qəfildən vəfat etməsini sıradan hadisə saymırlar. Onun zəhərlənməsi versiyasını ortaya atanlar da var. Musavat.com yazır ki, beynəlxalq şpionajda istifadə olunan modern preparatlar var, onların vasitəsilə arzuedilməz şəxslərin səhhətində geridönməz proseslər başladıla bilir, xüsusilə də həmin preparatlar kəskin ürək çatışmazlığına səbəb olur və özündən sonra heç bir iz buraxmır. "Ona görə də son vaxtlar gərginləşmiş İran-Azərbaycan münasibətlərinin fonunda İranın təsir dairəsində olmayan, eyni zamanda böyük tərəfdar kütləsi olan, dövlətçilik mövqeyindən çıxış edən bir din xadiminin qəfil ölümünün İranın kşfiyyat orqanlarının işi ola biləcəyini düşünənlər var" - deyə sayt vurğulayıb.

Hər bir halda biz də hesab edirik ki, bu qəfil itki sadə və üzərindən keçiləsi hadisə deyil, ciddi araşdırmalar aparılmalı, nəticələr ortaya qoyulmalı və ictimaiyyətə açıqlama verilməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu