Topçu komandir: “Qubadlıya Mais Bərxudarovla birlikdə ilk girən də biz olduq...”


II Qarabağ savaşının könüllü iştirakçısı, top komandiri, qazi İlkin Savalan oğlu Hüseynovla müsahibəni təqdim edirik.



İlkin 18.02.1999-cu ildə Neftçala rayonunda anadan olub. Müharibədən əvvəl turizm sektorunda işləyərək insanlara xidmət edən İlkin savaşda da vətənə xidmətini layiqincə yerinə yetirib.

- İlkin, döyüş necə keçdi? Ürəyincə oldumu qələbə? Sənin də payının olduğu bu mübarək savaş oradan necə görsənirdi?

- Döyüş əla keçdi. Hamıda ruh yüksəyliyi var idi. Təsəvvür elə ki, "snaryad" düşən vaxtı belə zarafat eliyirdik bir-birimizlə. Daha bundan artıq nə olsun? Hər saniyə son saniyə kimi gəlirdi deyə, uşaqlar hamısı çox rahat idi. Biz döyüşə belə girirdik. Amma erməni belə ola bilərdimi?

- Bəlkə onlar da elədir, içlərində deyilik, nə bilmək olar?

- Ola bilməz. Deyim də. Onlardan fərqli olaraq bizim nə yaralılarımız, nə də ki şəhidlərimiz döyüş meydanında tərk olunrdu. Son nəfəsə, son qana kimi götürüldü. Hamısı həyatını təhlükəyə atıb güllənin, raketin altında yaralı-şəhidləri çıxardırdı. Amma erməni belə edirdimi? Yox. Videolardan da görünür ki, bütün leşləri meydanda qalırdı. Ürəkləri yox idi gəlib götürsünlər. Nəyin bahasına olursa-olsun.

- Onda son dərəcə xoşbəxtsən. Həm döyüşdüyünə, həm də belə mənəvi böyüklüyünüzə görə...

- Bəli. Qələbədə payının olması çox gözəl hissdir. Amma bu qələbədə mülki əhalinin də payı danılmazdır. Biz döyüş vaxtı eşidirdik ki, könüllülər gəlir yenə hərbi hissələrə, onda daha da vəhşiləşirdik, ürəklənirdik. (Gülür)

- Vəzifən nə idi?

- Mən top komandiri olmuşam. Top komandiri kimi də döyüşdə iştirak eləmişəm. Deyim də. Deməli, döyüş başlayandan hardasa iki-üç gün sonra qapıbir qonşum gəldi mənim manqama. Döyüşdə bir yerdə olmuşuq, yaralananda da bir yerdə, bir mərmidən yaralanmışıq. Böyük anlardı bu. Mən ona görə qürur duyuram ki, həm də yaşımızdan böyük bu problemi həll elədik.

- Yaralanma anı necə oldu? Nələr baş verdi? Onlardan danışaq bir az.

- Heç nə. Necə olacaq. Elşad (bayaq dediyim qapıbir qonşum, dostum) yanımda idi. 20 oktyabrda olub hadisə. Dağdan yaralı düşürtdük aşağı, qalxanda da sursat götürüb qalxdıq. O dağı qalxmaq da çox çətindi. Sursatı payladıq bir az, bir təhər qalxdıq. Yenə yaralı var idi. Arxa tərəfi yox idi demək olar ki. O yaralını düşürtdük aşağı. Çox təəssüf ki, əlimizdə şəhadətə yüksəldi gülə-gülə. Maşına yerləşdirdik onu da. Sonra yenə döyüşə girdik. Mərminin səsi gəldi, yerə uzandıq, amma bir qədər gecikdik. Həmin anda da yaralandıq. İkimizə də dəydi. Qəlpə onun sağ ayağından baldırına keçdi, özü də çıxartdı. Məndə də sağ bud nahiyəsinə girdi. Sağ olsun, 052 əsgəri bıçaqla çıxartdı. Tunel var idi, ora girdik ki, maşın tapaq, axşam çıxaq. Orda da vurdular, Elşadın sinəsi cırıldı. Sağ qalacağına inanmırdım, amma şükür, yaxşıdır indi.

- Hansı istiqamətdə oldu bunlar? Ümumiyyətlə, haralarda oldun top komandiri kimi?

- Cəbrayıl, Füzuli və Qubadlıda döyüşlərdə olmuşam. Qubadlıya ilk girən də biz olduq. Özü də, Mais Bərxudarovla birlikdə. Şükür Həmidov da bizimlə birlikdə idi. Bunun özü də böyük bir hissdir. 64 nəfər əsgər olmuşuq, onun da 30-dan çoxu XTQ Yaşma idi. Qalanı da könüllülər. Sağalıb Şuşaya da getdik, amma müharibə bitmişdi artıq.

- Qollarınızda yoldaşınız şəhid olanda necə? Çox ağır olar... Heç qorxu olmadımı ondan sonra? Gözünüzün önündə, qolunuzda insanlar ölür...

- Qorxu var idi. Aşağı ağlaya-aglaya düşürdük. Yoldaşımıza yalandan deyirdik ki, heç nə yoxdu səndə, narahat olma, sağ qalacaqsan. Çalışırdıq ki, yatmasın, özündə olsun. Yaralı olanda adama yuxu da gəlir. Bir yandan da onsuz yuxulu olurduq günlərlə. Təsəvvür elə ki, dünən bir konservaya çörək batırmısan, bu gün onun nəşini aparırsan qolunda...

- İlkin, deyirlər, topçunun qəbri olmur... hər an düşmən topundan parça-parça olmaqla üz-üzəsən. Bu deyim buna görədir?

- Bəli. Buna görədir. Təxmini 1-2 metrə yaxınlığa, yaxud da elə üstünə düşsə, demək olar səndən əsər-əlamət qalmır.

- Heç elə oldumu, gördünmü kiminsə üstünə düşsün, yanına düşsün?

- Təəssüf ki, hə. Emin adlı oğlan var idi. Allah rəhmət eləsin. Qolu yanımıza düşdü. Bədənindən xəbərimiz olmadı amma. Düz üstünə düşmüşdü top.

- Sən özün də könüllü getmişdin, ya əsgərlikdəydin?

- Təzəlikcə bitirmişdim əsgərliyi. Könüllü qatıldım.

- Dedin ki, Mais Bərxudarov da sizinlə idi. Çiyin-çiyinə döyüşdünüz? Yanınızda olurdumu? Yəqin ki, onunla bir yerdə döyüşə girmək daha çox ruh yüksəkliyi verər.

- Bəli. Çiyin-çiyinə, yanımızda. Mais Bərxudarov canavar idi. O qədər şeylər oldu ki. Onunla da fəxr etməmək mümkün deyil.

- Yadından heç vaxt çıxmayacaq nəsə bir maraqlı hadisə oldumu Mais Bərxudarovla bağlı?

- Çox idi. Bəzilərini danışa bilməyəcəm. Birində Cəbrayılda şəhərcik var, erməni hərbi hissəsi. 5 mərtəbəli, dükanı-filan. Bölüklə orda qaldıq. Dağdan hərdən düşüb yemək, şirniyyat, kola-zad götürürdük. Açığı, onda tanımırdım Mais bəyi. Bizi hərbi polislə kəşfiyyatın uşaqları saxladı, düzülüş verdilər. Dağılandan sonra yaxınlaşdım Mais Bərxudarova ki, bəs, filan şey lazımdır, adyal-zad. Elə tonda dedim ki, elə bil, belə də olmalıdır. (Gülür) Yaxşı ki, tez tanıdılar. Dedilər, filankəsdi, neynirsən sən? Mais Bərxudarov məni elə, dediyim tonda parodiya elədi. Parodiya deyəndə, ağzımı əydi də yəni (gülür). Dedi, "belə qoyaram təpənə sənin, rədd olun yerinizə". Gülüşdük.

Onun ciddiliyi belə doğma gəlirdi adama.

- İlkin, müsahibə üçün də, etdiklərin üçün də sənə xalq olaraq təşəkkür edirik. Nə yaxşı ki, varsınız. Əliniz, ayağınız, Qarabağ boyda ürəyiniz var. Sizlərsiz olmazdı.

- Çox sağ olun. Minnətdaram. Hər şey yaxşı olacaq.

Orxan Saffari, Qaynarinfo




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu