Fransa Çaddakı son hərbi bazasını orduya təhvil verib
Fransa son hərbi bazasını Çad ordusuna təhvil verib və bununla da ölkədəki hərbi mövcudluğunu tamamilə dayandırıb.
Çad Baş Qərargahından verilən açıqlamaya görə, Çadın paytaxtı Encemine şəhərində yerləşən Adji Kossei bazasına nəzarət fransız əsgərlərindən alınıb.
"Adji Kossei Bazasının ələ keçirilməsi Fransa qüvvələrinin Çaddakı mövcudluğunu tamamilə sona çatdırdı. Bu təhvil yüksək vəzifəli şəxslərin, xüsusilə də Prezident Mohamed İdriss Debi Itnonun iradəsinə və Çad xalqının tələblərinə uyğun olaraq həyata keçirilib. ", - bəyanatda deyilir.
Xatırladaq ki, Çad hökuməti Fransa ilə 28 noyabr 2024-cü ildə imzalanan və müdafiə sənayesi və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirmək məqsədi daşıyan müqaviləni ləğv etmək qərarına gəldiyini açıqlayıb.
Daha sonra Fransanın döyüş təyyarələri və hərbi birləşmələrinin ölkəni tərk etməyə başladığı bildirilib.
Fransız əsgərlərinin yerləşdiyi Faya Hərbi Bazası 26 dekabr 2024-cü ildə, 12 yanvarda isə Abeche Hərbi Bazası Çad ordusuna təhvil verilib.