Dərsliklərin müəllifləri unudurlar ki, onların hədəf kütləsi kimdir - nevroloq həkim


İnsanlara nəyisə öyrətmək istəyirsənsə, ilk öncə bu suala cavab verməlisən: target necədir? Yəni, mənim xitab etdiyim, hədəf kütlənin psixologiyası, motivasiyası və vərdişləri nə vəziyyətdədir?


AFN.az xəbər verir ki, bunu nevroloq Qalib Əsədov məktəb dərsliklərindən danışarkən deyib. O qeyd edib ki, məktəb dərsliklərinin problemi bunu unutmaqla bağlıdır: "Dərsliklərin müəllifləri unudurlar ki, onların hədəf kütləsi demək olar, ilk dəfə nəyisə öyrənməyə başlayacaq. Birinci sinifə gələn uşaq indiyədək oyuncaqlar və nağıllar dünyasında yaşayırdı. Birdən-birə biz onu rəngli dünyasından ayırıb bir otağa salırıq və deyirik ki, burda sakit oturmalısan, dinləməlisən, öyrənməlisən və tapşırıqları yerinə yetirməlisən. Bəs oynamaq, həyətə çıxmaq, ayaqyoluna getmək və yemək yemək? Onlar üçün çox limitli və icazəli vaxt var. Uşaq da düşünür ki, mən durduğum yerdə nə işə düşdüm.
Belə bir vəziyyətdə bizim tək yolumuz var: şağa göstərmək ki, məktəb və dərslər də kifayət qədər maraqlıdır. Bəs yaxşı uşaq üçün nə maraqlıdır? Hekayələr, sadə dillə izah edilmiş məlumatlar və əyləncəli məşğələlər. İbtidai sinifdə oxuyan uşaq Viktor Hüqonu oxumaq istəmir. Çünki Viktor Hüqo yetkin bir insanın oxuyub, analiz edə biləcəyi dərinlikdədir. Mən özüm Viktor Hüqonu 15 yaşımda oxumuşam və əminəm ki, indi oxusam mənə daha çox şey qatardı. Uşağa filan konvensiyadan maddə öyrətmək ümumiyyətlə absurddur. Amerikada uşaqlar hüquqları oyunlar və workshoplar vasitəsilə öyrənirlər. Məsələn, uşağa deyirlər ki, heç kim sənin bədəninə toxuna bilməz, əgər kimsə gizlin toxunursa, qışqırmalısan, gəl indi birlikdə qışqıraq. Bu cür workshoplar uşaqlar üçün gülməli, əyləncəli və maarifləndiricidir".
Q.Əsədov keçmiş dərsliklərdən də misal gətirib. O, keçmiş dövrdə tədris olunan "Həyat bilgisi" kitabından sitat gətirib: "Bizim dövrümüzdə həmin dərslikdə bir hekayə var idi. Hekayədə bir kişinin evinə ildırım düşür və ev dağılır. Kişi oturub ağlayarkən bir nəfər ona yaxınlaşır və deyir ki, mənim adım sığortadı, sən illərlə mənə az-az pul vermisən, mən də o pulları yığmışam və indi sənin evinin təmirini etdirəcəm.
Baxın, sığorta bir uşağa ən gözəl şəkildə belə izah edilə bilər. Uşaq ədəbiyyatını dərsliklərdən çıxarmaq və demək ki, uşaqlar bunu məktəbə gələnə qədər öyrənməli idi, bu absurddur. Uşaq məktəbə öyrənməyə gəlir. Eyni dərəcədə "uşaq özü araşdırıb öyrənsin" fikri də absurddur. Biz məgər 17-ci əsrdə vəba epidemiyası dövründə yaşayırıq ki, deyək ki, məktəbi unudun və özünüz araşdırın? Araşdırma ruhunu da uşağa məktəb ötürməlidir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu