Rövnəq Abdullayevin həbsini vacib edən daha bir neçə səbəb...


Azərbaycanda yüksək vəzifə tutaraq külli miqdarda pul qazanan məmurların sayı onlarladır. Bura dövlətə məxsus olan, lakin təsərrüfat hesabı ilə çalışan iri şirkətlərin məmur sayılmayan rəhbərlərini də əlavə etsək, say ikiqat artar. Müsbət haldır ki, bir çox korrupsioner vəzifəlilər kürsüdən birbaşa məhbəsə gedir, onların xalqdan oğurladıqlarının mühüm hissəsi geri alınır. Elələri də var ki, uzun illər yüksək vəzifə tutaraq yüz milyonlarla manat əldə edir, daha sonra nisbətən aşağı vəzifəyə transfer olmağı bacarır və yığdıqlarını rahatlıqla xərcləyə bilirlər. Belələrindən biri də SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevdir.


Əvvəli BURADA

R.Abdullayev ötən il ölkənin əsas şirkətinin rəhbərliyindən kənarlaşdırılsa da, hazırda iqtisadiyyat nazirinin müavini postunu tutaraq 17 il ərzində yığdıqlarını rahat-rahat yeməklə məşğuldur. Azərbaycan dövləti isə onun yarıtmaz rəhbərliyi dövründə SOCAR-da qalaqlanan problemlərin həlli ilə məşğuldur. Belə problemlərdən biri Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulması layihəsidir. R.Abdullayev SOCAR rəhbərliyinə gəldiyi dövrdə Azərbaycanda yeni neft emalı zavodunun tikintisi ilə bağlı müzakirələr gedirdi. Hətta zavod üçün Qaradağ rayonunda yer ayrıldı, yerin tikinti üçün hazırlanmasına da başlandı. Lakin qəfildən işlər dayandırıldı və məlum oldu ki, yeni zavod tikintisinə gedilmir, əvəzində Bakının düz ortasında yüz hektarlarla sahədə yerləşən köhnə zavod yenidən qurulur. 5 ildən çox müddətdə yenidənqurma layihəsinin müzakirəsi getdikdən sonra 2015-ci ildə işə başlandığı elan edildi. Lakin bu elandan 3 il keçəndən sonra məlum oldu ki, reallıqda söhbət zavodun yenidənqurulmasından deyil, faktiki olaraq, yeni zavodun qurulmasından gedir: zavoddakı mövcud emal qurğularının hamısı istismar müddətini çoxdan başa vurub və onların yeniləri ilə əvəzlənməsi lazımdır.
Tərcümeyi-halına baxdıqda, R.Abdullayevin neft sənayesinin aşağı pilləsindən işə başlayaraq ən yüksəyə qədər irəlilədiyini görmək mümkündür. Yəni onun NEZ-dəki qurğuların vəziyyətindən xəbərsiz olması qeyri-mümkündür. Hətta xəbərsiz olsa belə, yenidənqurma layihəsi(əgər hazırlanıbsa) hazırlanarkən R.Abdullayevin birinci dərəcəli vəzifəsiydi ki, reallığı düzgün qiymətləndirməklə görüləcək işlərin maliyyə dəyərinin dəqiq hesablanmasını təmin etsin. R.Abdullayev bunu etmədiyinə görə zavodun yenidənqurulması işlərinin dəyəri əvvəlcə 800 milyon manat səviyyəsində qiymətləndirildi. Daha sonra bu qiymət həndəsi silsilə ilə artdı, məlum oldu ki, zavoddakı qurğuların demək olar ki, hamısı yenilənməlidir. Bu, faktiki olaraq yeni zavod tikilməsi deməkdir.
2015-ci il devalvasiyasından sonra R.Abdullayevin çevrəsi NEZ-in yenidənqurulması layihəsinin Dövlət Neft Fondunun vəsaitləri hesabına maliyyələşdirilməsi ideyasını mətbuata ötürməyə başladı. SOCAR-ın müxtəlif rəsmi şəxsləri layihənin icrasına 1,5 milyard dollar tələb olunduğunu, bu vəsaitin Neft Fondundan ayrılacağını açıqladılar. Lakin sonradan məlum oldu ki, bu təklif qəbul edilməyib. Nəticədə, maliyyələşmə bu vəya digər adlar altında dövlət büdcəsindən həyata keçirilməyə, yenidənqurmanın başa çatma müddəti ildən-ilə ötürülməyə başlandı. Bütün dünya, yaxın-uzaq qonşularımız Avro-6 standartında benzinə keçdiyi halda, Azərbaycan hələ Aİ-92-də qalıb. Sonuncu dəfə 2022-ci ilin aprelində verilən açıqlamada zavodda həmin ilin ortalarından “Avro-5” standartlarına uyğun dizel yanacağının istehsalına başlanacağı, 2023-cü ilin ortalarından etibarən benzinin keyfiyyətinin də “Avro-5” standartlarına çatdırılacağı, bütövlükdə modernizasiya işlərinin isə 2026-2027-ci illərdə yekunlaşdırılmasının nəzərdə tutulduğu bildirildi. Lakin artıq 2023-cü ilin sonuncu rübüdür, nə Avro-5 dizeldən, nə də Avro-5 benzindən əsər-əlamət yoxdur. Və bütün bunlar R.Abdullayevin yarıtmaz fəaliyyətinin nəticəsidir.
Qeyri-rəsmi məlumatlara əsasən zavodun yenidənqurulmasına indiyədək 4 milyard manat vəsait sərf olunub. 2027-ci ilədək bu məbləğin hansı həddə çatacağı məlum deyil.
R.Abdullayevin “quruculuğu” onun AFFA-dakı işindən də açıq görünür. Qurumun saytında yerləşdirilən məlumata görə, R.Abdullayev 2004-2008-ci illərdə "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti vəzifəsində çalışıb. 2008-ci il martın 14-də ilk, 2012-ci il martın 9-da ikinci, 2016-cı il martın 11-də üçüncü, 2020-ci il yanvarın 28-də isə dördüncü dəfə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib.
Qeyd edək ki, dövlət başçısının Azərbaycanda idmana böyük qayğısının nəticəsi olaraq 2005-ci ilin 10 oktyabrında “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” imzalanıb.
Dövlət Proqramının icrası zamanı qarşıya qoyulan məqsədlər 1)futbolun infrastrukturunu genişləndirmək, onun maddi-texniki bazasını möhkəmləndirmək; 2) futbol mütəxəssislərinin hazırlanması və yenidən hazırlanması sistemini təkmilləşdirmək; 3) uşaq-yeniyetmə futbol məktəbləri şəbəkəsini inkişaf etdirmək, futbolda xüsusi istedadı olan uşaqlar üçün ixtisaslaşdırılmış futbol internat məktəblərini, ehtiyat futbolçu hazırlığı üçün bölgə və respublika mərkəzlərini yaratmaq; 4) futbolla bağlı məlumat-maarifçilik və təbliğat işini gücləndirmək; 5) futbol sahəsində qabaqcıl texnologiyaları tətbiq etmək məqsədilə xarici futbol təşkilatları və qurumları ilə əlaqələr qurmaq və onları inkişaf etdirmək; 6) əhalinin bütün təbəqələrinin futbol meydançalarından və qurğularından istifadəsinə imkan yaratmaq idi.
R.Abdullayev proqramın keyfiyyətli icrasını təmin etmək əvəzinə AFFA-ya rəhbərliyə gələn kimi ilk işi qurumun nizamnaməsini dəyişdirmək oldu. 2000-ci illərin əvvəlində FİFA, UEFA-nın iştirakı və nəzarəti, Azərbaycan Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyinin səlahiyyətli nümayəndələri, AFFA-nın, bütün futbol ictimaiyyətinin iştirakı, tövsiyələri ilə hazırlanmış AFFA nizamnaməsi konfransda qəbul edilib. Lakin R.Abdullayev gələn kimi nizamnamədə çox ciddi dəyişiklilər edildi.
Dəyişikliklərdə tək məqsəd Azərbaycanda futbol idarəçiliyinin vahid əldə cəmləşdirilməsi idi. AFFA - Azərbaycan Futbol Federasiyaları Assosiasiyası deməkdir. AFFA-ya üzv olan federasiyaların səlahiyyətlərinin azaldılması üçün yeni regional, sahə federasiyaları yaradıldı və AFFA-nı yaradanlar (!) birbaşa üzvlükdən dolayısı üzvlüyə endirildi. Onların maddi-texniki bazalarını yaxşılaşdırmaq əvəzinə, əlavə maliyyə israfçılığına yol verərək yeni üzv federasiyalara öz adamlarını yerləşdirdilər. Bununla da AFFA özünü bölgələrdən, federasiyalardan uzaq tutdu.
Eyni zamanda AFFA İcraiyyə Komitəsinin futbol idarəçiliyində səlahiyyətlərinin 90 faizi katibliyə həvalə edildi, bütün bunlar federasiyanın strukturunda öz əksini tapıb. Bu gün AFFA-da maliyyə, milli komandalar, infrastruktur, balansda olan stadion-bazalar, uşaq futbolu, departamentlərin böyük əksəriyyəti birbaşa baş katibə tabedir və qeyd olunanlar qanunlaşdırılıb, bu günə kimi də bir şəxs tərəfindən idarə edilir. Bu işlərin məntiqi sonluğu olaraq AFFA daxildə bölüşdürüldü. Futbolun bütün sahələri baş katibə, klublar və çempionatın təşkili yeni yaradılmış PFL-ə həvalə edilərək qanunlaşdırıldı. Beləliklə Azərbaycan futbolunun qərargahında təkhakimiyyətlilik başladı.
Nəticə göz qabağındadır: Futbola ayrılan milyardlarla manatın müqabilində 2005-ci ildə mövsümə 14 komanda (əksəriyyəti bölgə təmsilçisi) ilə start verən Azərbaycan çempionatı bu gün 10 komandanın ümidinə qalıb. Neçə-neçə klub yaranıb, dağılıb. Milli komandanın bazası olmalı olan uşaq futbolunun vəziyyəti göz istəyir ağlamağa... Və R.Abdullayev hələ də AFFA prezidenti kürsüsünü özündə saxlayır...
15-17 il ərzində ölkənin iki çox böyük əhəmiyyətli sahəsinə rəhbərlik edən, hər iki sahədə uğurlarından daha çox korrupsiya qalmaqalları ilə gündəmə gələn R.Abdullayevin ailə üzvləri isə xaricdə on milyonlarla dollarlıq biznes fəaliyyəti ilə məşhurlaşıblar.
Bu haqda növbəti yazılarımızda...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu