DGKA və BMU-nun birgə təşkilatçılığı ilə “Gənc tədqiqatçıların VI beynəlxalq elmi konfransı” öz işinə başlayıb
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların VI beynəlxalq elmi konfransı” öz işinə başlayıb. Konfransda Akademiyanın və Bakı Mühəndislik Universitetinin rəhbərliyi, əməkdaşları, tələbələri, eləcə də digər dövlət və ali təhsil müəssisələrinin nümayəndələri və gənc tədqiqatçılar iştirak ediblər.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gənc tədqiqatçıları bir araya gətirmək və gənclərin elmə olan marağını artırmaq məqsədilə təşkil edilən konfransda açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilən və hər il təşkil olunan mötəbər konfransın bu dəfə Gömrük Akademiyası ilə birgə təşkil olunduğunu önə çəkərək, bunun ölkəmizin ali məktəbləri arasında əməkdaşlığa gözəl nümunə olduğunu diqqətə çatdırıb. Rektor gənc alimlərin gələcəkdə Azərbaycan elminin, təhsilinin, sənayesinin inkişaf etməsinə öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib və konfransın işinə uğurlar arzulayıb.
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov konfrans iştirakçılarını salamlayaraq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıb. Pandemiyadan sonra ənənəvi konfransların təşkil olunmasını sevindirici hal kimi qiymətləndirən Qulu Novruzov bu tədbirin iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq üçün başlanğıc platforma olacağına ümidvar olduğunu qeyd edib. Qulu Novruzov həmçinin təlim-tədris prosesinin təşkilində Bakı Mühəndislik Universiteti ilə ikitərəfli əməkdaşlığın səmərəli tərəflərini diqqətə çatdırıb.
Akademiyanın rəisi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü təmin edən əsgərlərin döyüş əzmi və şəhidlərin ruhu qarşısında olan borc kimi qarşımızda böyük məsuliyyətin qoyulduğunu bildirib. Qeyd edib ki, ali təhsil müəssisələrində professor-müəllim heyəti və tələbələr Azərbaycan əsgərinin döyüş ruhuna adekvat olaraq fəaliyyət göstərməlidir.
Qulu Novruzov gənc tədqiqatçılara həsr edilən konfransın mahiyyət etibarilə digər konfranslardan fərqli olduğunu, daha kütləvi elm sahələrini əhatə etdiyini söyləyib. Akademiyanın rəisi çıxışının sonunda konfransın təşkilində əməyi keçən hər kəsə öz dərin minnətdarlığını bildirərək konfransın işinə uğurlar arzulayıb.
Millət vəkili, Azərbaycan Dillər Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərova tədbirdə çıxış edərək Ulu Öndər Heydər Əliyevin gənclərə, təhsilə verdiyi diqqət və qayğıdan bəhs edib.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikasının təhsil nazirinin müşaviri Nicat Məmmədli elmi araşdırmalar üçün universitetlər arasında əməkdaşlığın vacibliyinə toxunaraq bunu ümumilikdə elmi əlaqələrin daha səmərəli və nəzərəçarpan olmasını təmin edən məsələlər kimi önə çəkib.
Plenar iclasda digər məruzəçilərlə yanaşı Akademiyanın Gömrük işi və idarəetmə kafedrasının müdiri Elvin Əlirzayev “Post pandemiya dövründə rəqəmsal iqtisadiyyatın formalaşması” (The formulation of digital economy in post-pandemic situation) mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə həmçinin BMU-nun Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov çıxış edərək ikitərəfli əməkdaşlıq çərçivəsində təşkil edilən konfransın əhəmiyyətindən bəhs edib.
Sonra plenar iclasda çıxış edənlərə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, ikigünlük konfrans öz işini ayrı-ayrı seksiyalarda hibrid formada davam etdirir.