Çovdar qızıl mədəni ərazisində yeni arxeoloji abidə aşkar edilib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin 4-cü topaqələviləşdirmə ərazisində həyata keçirilən tikinti-quraşdırma işləri zamanı qədim maddi mədəniyyət qalıqlarına dair yeni fraqmentlər aşkar edilib.
Üzə çıxarılan arxeoloji abidənin araşdırılması məqsədilə ərazidə işlər dərhal dayandırılıb, arxeoloji ekspediyanın təşkil edilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna müraciət edilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə “AzerGold” QSC və AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu arasında 3 sentyabr 2021-ci il tarixində bağlanmış müqavilə çərçivəsində ərazidə çöl-tədqiqat işləri aparılıb. Arxeoloji qazıntılar zamanı ərazidə Son tunc-Erkən dəmir dövrünə (e.ə.II min.sonu-I min. əvvəli) 58 daş qutu qəbir müəyyən edilib. Xocalı-Gədəbəy mədəniyyətinə aid qəbirlərdə insan sümükləri ilə yanaşı, xəncər, nizə və toppuz, bilərzik, sırqa, kəmər, muncuq və s. silah və məişət əşyaları aşkarlanıb. Əşyalar arasında çoxsaylı saxsı küpə, bardaq, qazan, kasa və s., həmçinin Misirdən gətirilmiş mavi pasta muncuqları və Hind okeanı üçün xarakterik olan kaurilərə rast gəlinib.
Arxeoloji tədqiqat prinsiplərinə uyğun olaraq ərazidə aşkar edilmiş qəbirlərin hamısı təmizlənib, foto və qrafik təsvirləri çəkilib və müvafiq qeydlər aparılıb. Maddi mədəniyyət nümunələri ərazidən götürülərək qablaşdırılıb, kameral tədqiqatların aparılması üçün İnstitutun arxeoloji fonduna təqdim edilib.
Arxeoloqların qənaətinə görə, aşkar olunan yeni arxeoloji abidə 2019-cu ildə Çovdar qızıl mədənin 3-cü topaqələviləşdirmə sahəsində tədqiq edilmiş nekropolun bir hissəsidir. Həmin dövrdə Çovdar nekropolunda aparılmış qazıntılar zamanı 156 qəbir, 6000-dən çox eksponat tapılıb və tədqiq edilib. Hazırda həmin nümunələr əsasında yerli və əcnəbi mütəxəssislərin birgə əməkdaşlığı ilə nüfuzlu beynəlxalq laboratoriyalarda analizlər aparılır.
Analiz təhlillərinin nəticəsində qədim tayfaların regionun digər xalqları ilə qohumluq əlaqələri barədə genetik məlumatlar əldə ediləcək. Qədim tayfaların burada məskunlaşma tarixi, dəfn olunanların cinsi, yaşı, xəstəlikləri, ölüm səbəbi, qida rasionu öyrəniləcək. Bununla da, qədim insanların məişəti, həyat tərzi, məşğulluqları, həmin dövr üçün bölgədə xarakterik olan epidemik xəstəliklər müəyyənləşəcək. Həmçinin nekropoldan tapılmış metal əşyalar üzərində həyata keçirilən spektral analizlər onların tərkibinin öyrənilməsinə imkan verəcək.