Şimali Koreya yeni tip hipersəs ballistik raketi buraxdığını təsdiqləyib

Şimali Koreya dünən yeni tip orta mənzilli hipersəs ballistik raketi sınaqdan keçirdiyini açıqlayıb və sınağın uğurla tamamlandığını bildirib.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Şimali Koreya lideri Kim Çen In raket sınaqlarını şəxsən izləyib.
Kim dünyada yalnız bir neçə ölkənin belə bir silah sisteminə sahib ola biləcəyini bildirib.
Hipersonik raketin Sakit okean bölgəsindəki bütün rəqiblərə qarşı istifadə edilə biləcəyini qeyd edən Kim, raket sınağının müdafiə məqsədi ilə həyata keçirildiyini vurğulayıb.
KCNA-nın xəbərində mühərrik gövdəsində yeni karbon lif komponentinin istifadə edildiyi yeni tip orta mənzilli hipersəs ballistik raketin sınaq atışlarının müvəffəqiyyətlə tamamlandığı iddia edilib.
Qeyd edək ki, Cənubi Koreya dünən Şimali Koreyanın hipersəsli hesab edilən raketi Yapon dənizinə (Şərq dənizi) doğru atdığını və raketin təxminən 1100 kilometr uçduqdan sonra suya düşdüyünü açıqlamışdı.
Cənubi Koreya Şimali Koreyanın sonuncu dəfə 5 noyabr 2024-cü ildə Yapon dənizinə (Şərq dənizi) doğru çoxsaylı qısa mənzilli ballistik raketlər buraxdığını da qeyd edib.
Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In 2024-cü ildə bərk yanacaqla işləyən orta mənzilli hipersəs raketinin sınaq atışını yoxlayıb.