Məktəblərdə tətilin qış aylarında olması təklif edilib
“Dağlıq rayonlarda qış mövsümünün sərt keçdiyini nəzərə alaraq şagirdlərin davamiyyətinə yol, nəqliyyat, o cümlədən məktəblərdə istiliyin yetərincə olmaması kimi məsələlər təsir edir”.
AFN.az-ın xəbərinə görə, bunu bu gün Milli Məclisdə çıxışında deputat Müşfiq Cəfərov bildirib.
Deputat deyib ki, məktəblərdə üç aylıq yay tətili məhz yay mövsümündə isti hava iqlimilə əlaqədardır: “Dağlıq ərazilərdə isə yay mövsümü təhsil üçün, ümumiyyətlə, həyatın bu ərazilərdə canlanması üçün ən əlverişli vaxtdır. Hətta yay mövsümündə dağlıq ərazilərdə təhsil davam edərsə, Bakıdan, Gəncədən və digər böyük şəhərlərimizdən peşəkar müəllimlərimiz dağlıq ərazidə yerləşən kəndlərimizə ezam oluna, şagirdlər üçün tədrisi peşəkar səviyyədə rayon və ya kənd məktəbinin müəllimlərilə birlikdə həyata keçirə bilər. Bu, təhsildə differensiallığın tətbiqinə də öz töhfəsini vermiş olar. Beləliklə, dağlıq ərazilərdə şagirdlərimiz qış aylarında uzunmüddətli qış tətilinə çıxmış olarlar və qış mövsümündə şagirdlərimizi yol, nəqliyyat və istilik problemlərilə üzləşməz. Dağlıq ərazilərə yay mövsümündə ezam ediləcək müəllim heyəti üçün isə modul tipli hostellər kəndlərdə fəaliyyət göstərən məktəb ərazisində inşa oluna bilər. Ya da yeni məktəb inşa olunduğu təqdirdə yuxarı mərtəbəsində yataq otaqları nəzərdə tutularsa, şəhərdən dağlıq rayona və ya kəndə ezam olunan müəllimi qane etmiş olar. Belə hostellərin kəndlərdə fəaliyyəti kənd turizminə də yeni imkanlar yaratmış olar”.
Müşfiq Cəfərovun qaldırdığı digər məsələ ölkəmizdə də iqlim müşahidə olunan iqlim dəyişikliyi ilə əlaqədardır: “Bu il payız aylarının əksər günlərini qərb bölgəsində, xüsusilə dağətəyi rayonlarda əsl qış ayı kimi yaşadıq. Mənə Gəncə şəhərinin bir sıra uşaq bağçalarından istifadə edən uşaqların valideynləri istilik sistemi ilə bağlı müraciət etdilər. Təklif edərdim ki, istilik verilməsi konkret zamanla deyil, iqlim və hava şəraitinə uyğun operativ şəkildə planlasın. Doğrudur, bunu əvvəlcədən hesablamaq olmur, o səbəbdən bu problemin qarşısını almaq üçün dağlıq rayonlarda oktyabrın 15-dən, dağ ətəyi və aran rayonlarında isə noyabrın 1-dən bağça və orta məktəblərin istiliklə təmin olunmasını təklif edərdim. Bu il bir bağçadan mənə verilən məlumata görə, qrupda olan uşaqların 15-i xəstələnib və bu da qrupun yarısı deməkdir. Belə olan halda davamiyyət aşağı düşür və uşaqlar tədrisdən geri qalırlar”.